Transplantasiya 45 dəqiqə çəkir

“Bir meyitin iki gözü bəzən dörd nəfərin gözünün nurunu bərpa etməyə yetərli olur”
“Çoxu fikirləşir ki, ölüdən göz çıxarılır. Amma əslində belə deyil, göz yerində qalır. Sadəcə, gözün ön hissəsindən buynuz qişa götürülür”
Gözün buynuz qişasının ölkəyə gətirilməsinə icazə verilməsi artıq həllini tapmaq üzrədir. Milli Məclisin deputatı Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, bunun üçün iki qanuna dəyişiklik ediləcək. "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında” və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında” qanunlara müvafiq dəyişikliklərdən sonra gözün buynuz qişası mülki dövriyyədə olması qadağan olunan əşyalar siyahısından çıxarılaraq dövriyyədə olmasına icazə verilən əşyalar siyahısına daxil ediləcək.

Bununla da gözün buynuz qişasının Azərbaycana gətirilməsi və ehtiyaclı insanlara köçürülməsi imkanı əldə ediləcək.

Məsələni şərh edən Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla "Şərq”ə açıqlamasında gözün buynuz qişasının görmə itiliyinin korreksiyası üçün gərəkli olduğunu dedi:


- Gözün buynuz qişasından gözün görmə qabiliyyətini artırmaq üçün istifadə olunur. Gözün buynuz qişası insandan da götürülə bilər, başqa canlıdan - heyvandan da. Gözün buynuz qişası bioloji ölüm keçirmiş insandan götürülə bilər. Hər bir orqanın yaşama müddəti olduğu kimi gözün buynuz qişası da bir neçə saat sağlam qala bilir. Uzun müddət keçdikdə isə artıq parlaqlığı itirməyə başlayır. Ona görə də əgər meyitdən orqan transplantasiyası gerçəkləşəcəksə, bu, nə qədər tez, sürətlə olsa, bir o qədər yaxşıdır və effekti də müsbət ola bilər. Hesab edirəm ki, qanuna dəyişiklik bir çox insanın gözünün nurunu artırmağa kömək edəcək.

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "buynuz qişası və transplantalogiya” şöbəsinin baş mütəxəssisi Cəmil Həsənov isə APA TV-yə müsahibəsində qeyd edib ki, hazırda xəstəxanada 3 min nəfərə yaxın pasient buynuz qişası transplantasiyası əməliyyatı üçün növbədədir. Onun sözlərinə görə, bir çox xəstəliklər buynuz qişasının şəffaflığını pozur. 

Mütəxəssis bu xəstəliklərin anadangəlmə, genetik və mikrob mənşəli ola bildiyinə də diqqət çəkib: "Əsasən travma, buynuz qişasının iltihabı bu xəstəliyin yaranmasına səbəb olur. İltihablar isə mikroblardan yaranır. Bədən daxilində yaşanan immun zəifliyi də buynuz qişada problemlər yarada bilər. Əgər hansısa səbəblərə görə buynuz qişa bulanırsa, işıq buynuz qişadan keçərək göz dibinə düşə bilmir. Əgər işıq gözün dibinə düşmürsə, onda xəstə görmə qabiliyyətini itirir. Əgər buynuz qişa tam bulanıqdırsa, onda görmə tamamilə itirilir. Əgər hissəvi bulanıbsa, görmə ola bilər”.

Cəmil Həsənovun sözlərinə görə, daha çox göz transplantasiyası adı altında tanınan buynuz qişa transplantasiyası - keratoplastika əslində müxtəlif xəstəliklərdən buynuz qişanın pozulması nəticəsində onun donor buynuz qişası ilə əvəz olunması üzrə cərrahi əməliyyata deyilir. Buynuz qişanın köçürülməsi zamanı diametri 6-9 mm dairəvi hissə pasiyentin sağlam gözünün buynuz qişasından kəsilib götürülür və qeyri-sağlam hissənin yerinə köçürülür.

Son illər bu sahədəki ən mühüm problem donor buynuz qişanı əldə edə bilməməyimizdir. Əldə etmək üçün Azərbaycanda göz bankları yaradılmalı, ya da qısa müddət ərzində xarici ölkədən gətirilməlidir. Əslində isə bu prosesin özü asan deyil. Bank yaratmaq olar, amma insanlar arasında donor olmaq üçün maarifləndirmə aparılmalıdır. Dini baxımdan da mövzu ilə bağlı təbliğata ehtiyac var. İnsanların çoxu fikirləşir ki, ölüdən göz çıxarılır. Amma əslində belə deyil, göz yerində qalır. Sadəcə, gözün ön hissəsindən buynuz qişa götürülür. Mərhuma heç bir kobud davranış nümayiş olunmur”.
Cəmil Həsənov qeyd edib ki, gözün buynuz qişasının götürüldüyü halda meyitin vizual görüntüsü dəyişmir, hətta yaxınları meyitin gözlərini açıb baxsa belə, onun buynuz qişasının götürüldüyünü sezə bilmir. Beləcə, bir meyitin iki gözü bəzən dörd nəfərin gözünün nurunu bərpa etməyə yetərli olur: "Bu buynuz qişanı ölüdən altı saat müddətinə götürmək lazımdır. Bundan sonra buynuz qişa konservasiya olunur, xüsusi maddədə saxlanılır. Hər adam donor ola bilməz. Əvvəlcə onun nədən dünyasını dəyişdiyi öyrənilməlidir. Yalnız bundan sonra dünyasını dəyişmiş insanın buynuz qişası götürülə bilər. Yaşlı adamların buynuz qişasının keyfiyyəti də istənilən effekti verə bilmir, çünki orda hüceyrələrin sayı az olur. Transplantasiya 30-45 dəqiqə çəkir”.

Canlı insan buynuz qişası donoru olduqda, donor özü bir gözünü itirmiş olur. Bu səbəbdən dünya təcrübəsi ondan ibarətdir ki, buynuz qişası dünyasını dəyişmiş insanlardan götürülür.

Məlahət Rzayeva