"Mövludun intiharı etirazın ən kəskin və ağır formasıdır"




"Mövludun intiharı ilə bağlı danışmaq mənim üçün çox çətindir. İntihar artıq Azərbaycanda geniş yayılan bir epidemiyaya çevrilib".

Bunu Sherg.az-a tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib. Onun sözlərinə görə, müxtəlif dövrlərdə dünyanın müxtəlif ölkələrində bu cür hallar yaşanıb: 

"İntihar etmək doğrudan da faciəvi bir məsələdir. İnsanın öz canına qəsd etməsi çox üzücüdür. Məncə, bu, etirazın bir formasıdır. Həyatına, yaşayışına, sosail vəziyyətinə bir etirazdır. Mən Mövludu yaxşı tanıyırdım. Çox istedadlı bir oğlan idi. Onun intihar xəbərini eşitdim və dəhşətə gəldim ki, gənc və istedadlı bir adam bu yolu necə tuta bilər, canına necə qəsd edə bilər. Bu, çox ciddi bir mesajdır. Baxın, ilk olaraq Qarabağ əlili özünü yandırdı və bütün Qarabağ əlilləri öz sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində bu yolu tutdu. Bundan sonra xeyli Qarabağ əlili və etirazçı insanlar özlərini yandırmağa başladılar. İndi də yazıçının intihar etməsi etirazın ən kəskin və ağır formasıdır. Hər halda Mövludun intiharı ciddi bir siqnaldır".

Qeyd edək ki, martın 16-da gecə saat 02:00 radələrində yazıçı Mövlud Mövlud 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ayyət Əhməd