Burda yalnız 2 nəfər yaşayır

Qəsəbə 3,8 milyon dollara satışa çıxarılıb
ABŞ-ın Oregon əyalətinin Tiller qəsəbəsi tam olaraq 3,8 milyon dollara satışa çıxarılıb.
Qəsəbədə yalnız 2 adam yaşayır. Portland şəhərinin 362 kilometr cənubunda olan qəsəbənin böyük bir qisimində məskunlaşma yoxdur.
Satışa çıxarılan mülklər arasında altı ev, bir dairə, bir benzindoldurma məntəqəsi və bir də dükan var.
Qəsəbə ətrafında təxminən 250 adam yaşayırdı. Ancaq əhalinin əhəmiyyətli bir hissəsi, xüsusilə taxta-şalban bazarındakı eniş və qəsəbədəki istehsal fabriklərinin bağlanılmasından sonra başqa yerlərə köç edib. Tiller qəsəbəsi ilk dəfə 2015-ci ildə satışa çıxarılmışdı. Lakin o satışa köhnə ibtidai məktəb binası daxil edilməmişdi.
Qəsəbədə biri məktəbin yanındakı evdə məskunlaşan təqaüdçü müəllim, digəri də kilsənin keşişi olan yalnız iki nəfər var. Tillerin hazırkı sahibi olan ailə, digər sakinlər buranı tərk etdikcə, torpaqlarını satın almağa başladı. Hazırda qəsəbəylə maraqlananlar arasında çinli sərmayəçilər, idman meydanları qurmaq istəyən təşəbbüskarlar var.