“Heç kimin şübhəsi olmasın, Rusiya eyni təkliflə Bakıya da müraciət edəcək”
Ermənistan və Rusiya arasında hesablaşmalar milli valyuta əsasında aparıla bilər.
Rusiya Prezidenti Vladimir Putin ticarətin diversifikasiyası və genişləndirilməsi üçün hazırda qarşılıqlı hesablaşmaların milli valyuta əsasında aparılması mexanizmi üzərində iş getdiyini deyib. Siyasi elmlər namizədi, professor Cümşüd Nuriyev isə reallaşacağı təqdirdə bu prosesin həm Rusiya, həm də Ermənistanın milli valyutasını möhkəmləndirəcəyini deyib:
"Rusiya bu müddət ərzində özünə yeni ödəniş sistemi formalaşdırıb. Artıq ölkə daxilindəki ödəmələr Rusiyaya məxsus proqramlar əsasında həyata keçirilir. Rusiya bütövlükdə plastik kart sistemini də dəyişdiyi üçün Rusiyaya məxsus informasiyaların başqa dövlətlərdə oxunması mümkünsüzdür”.
C.Nuriyevin sözlərinə görə, Rusiya dollar resurslarını Ermənistan kimi az əhəmiyyətli dövlətlər üçün sərf etmək marağında olmadığı üçün qarşılıqlı hesablaşmaların milli valyuta əsasında aparılması mexanizmi üzərində işləyir:
"Hesab edirəm ki, bu proses Ermənistanın milli valyutasının da möhkəmlənməsinə şərait yaradacaq, eyni zamanda da rublun möhkəmlənməsinə xidmət edəcək. Bu proses reallaşandan sonra Rusiya Avrasiya İttifaqına qoşulan dövlətləri də bu yola çəkəcək. Beləliklə, dollarla aparılan qarşılıqlı hesablaşmalar birmənalı şəkildə gündəmdən çıxacaq. Onsuz da FED-in uçot dərəcəsini qaldırmaqla dollara mənfi təsir göstərən addımlara yaşıl işıq yandırmış oldu”.
Bir müddət sonra Rusiyanın eyni təkliflə Azərbaycana müraciət edəcəyini qeyd edən professor buna heç bir şübhə olmadığını deyib:
"Amma hələlik Azərbaycan yeni ödəmə sisteminə keçid etmədiyi üçün Rusiya "hə” cavabını bir qədər gözləməli olacaq. Bir şeyi də unutmayaq ki, Rusiya istədiyini alana qədər iqtisadi rıçaqları işə salacaq. Əslində qarşılıqlı hesablaşmaların milli valyuta əsasında aparılması mexanizmi Azərbaycan iqtisadiyyatı üçün də əlverişlidir. Bizim manatın dəyəri rublla müqayisədə daha qiymətli olduğu üçün hesablamaların milli valyuta ilə aparılması bizim xeyrimizə ola bilər. Ən azından Rusiyadan idxal olunan və Rusiyaya ixrac olunan mallar xeyli dəyər qazanacaq və bu gəlir tədiyyə balansında öz əksini tapacaq. Bu proses beynəlxalq iqtisadi hüquqa zidd olmadığı üçün təklif gələn zaman Azərbaycan razılıq verə bilər”.
Şəymən