"Amerika Türkiyəni itirmək istəmir"



"İki favorit siyasətçi meydanda görüşürlərsə, deməli, onların gündəliyində konkretlik başlıca yer tutacaq”.

Bunu Sherg.az-a Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan və ABŞ prezidenti Donald Trampın referendumdan sonra baş tutacaq görüşlərindən danışarkən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, prezidentlərin danışıqlarda müzakirə edəcəyi konkret mövzulardan irəli gələn pay bölgüsü də özünü göstərəcək:

"ABŞ-ın eks-prezidenti Barak Obamanın dövründə Amerika ilə Türkiyənin münasibətləri xeyli zəiflədi, ikitərəfli formatda böyük gərginliklər yaşandı. Sonda Rəcəb Tayyip Erdoğan ABŞ-ın Yaxın Şərq siyasətini həm pislədi, həm də çatışmazlıqlarını qabartdı. Vaşinqton ümumiyyətlə, öz yanaşmalarına dəyişiklik etməlidir. Düzdür, Amerika bir qədər Trampın səyləri nəticəsində Yaxın Şərqdəki fəallığını azaldıb. Ancaq bu, o demək deyil ki, o, öz siyasətindən əl çəkib. Burada Qərbin bölgənin bütün nizamını pozan siyasətindən söhbət gedir. Digər tərəfdən bəzi dövlətlərin dövlətçilik sistemini demək olar ki, ayaq altına qoyub onları dağıdır, parçalayır. Türkiyə bir növ həmin siyasətin dəstəkçilərindən biri oldu və demək olar ki, həmin siyasətin yedəyində getdi. Sonda aydın oldu ki, bunun axırı yoxdur. Türkiyə öz münasibətlərini dəyişdi, əks istiqamətə hərəkətə başladı. Amerika elitası tərəfindən bu addım məmnunluqla qarşılana bilməzdi. Ona görə, D.Tramp çalışır ki, Amerika-Türkiyə münasibətlərini yenidən formalaşdırsın. Həmin zəmində tərəflərin öhdəliklərini, yanaşmalarını, üzərlərinə düşən məsuliyyəti yenidən qiymətləndirsin ki, münasibətlər də yeni bir müstəviyə qədəm qoysun. Bununla tərəflərin üzərinə düşən məsuliyyətlər aydın olsun ki, gərginliklər də yaşanmasın. Bildiyimiz kimi Türkiyə NATO-nun cənub bölgəsində əsas dövlətlərdən biridir. Amerika ümumiyyətlə, bu ölkəni itirmək istəmir. Qərb dairələri, siyasətçilər qardaş ölkənin NATO-dan çıxarılması məsələsini müzakirə edirlər. Hətta ölkənin daxilində bu məsələ ilə bağlı tərəfdarlar var ki, onlar dövlətin ümumiyyətlə, Şimali Atlantik Alyansından uzaqlaşdırılmasının tərəfdarıdır. Çünki bu, bir növ xristian dövlətlərinin hərbi-siyasi blokudur. Türkiyəni orada görmək istəməyənlərin sayı getdikcə artır. Bütün bu motivlər Amerika siyasi elitasını narahat etməyə bilməz”.

D.Trampın Türkiyədə keçiriləcək referendumda Ərdoğanın qələbəsini istədiyini deyən T. Abbasov bildirib ki, ABŞ prezidenti türkiyəli həmkarının yeni funksiyasını bəyənir:

"Tramp istəyir ki, Ərdoğan özünün səlahiyyətlərinin sayını artırsın. Çünki amerikalılar özünün anqlosakson siyasətinin daşıyıcıları kimi əzəldən öyrəniblər ki, güclü siyasətçilərlə münasibət qursunlar. Onlarla həmin siyasətçilərin dialoqu həmişə alınırdı. Digər tərəfdən ABŞ siyasi elitası görür ki, Ərdoğanın partiyası və şəxsən özü mütləq liderlərdir. Belə olduğu halda artıq Trampın Ankara dialoqunda şəffaf vəziyyət yaranacaq. Bir çox Amerika siyasətçiləri mütləqiyyət sistemini qəbul edə bilmir. Ancaq Tramp istisna təşkil edir. Ona görə də prezidentlərin görüşü məhz referendumdan sonraya nəzərdə tutulub. Təbii ki, görüşün tək ikitərəfli münasibətlərə yox Yaxın Şərq siyasətinə də postsovet məkanına da Rusiya-Türkiyə əlaqələrinə də təsiri olacaq”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, ölkə prezidenti Ərdoğanla ABŞ lideri Donald Trampın 16 apreldə keçiriləcək referendumdan sonra üz-üzə görüşəcəyini açıqlayıb.

Aysel Aslan