İstər bayram günlərində, istərsə də adi vaxtlarda sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində Azərbaycan ərazisindən gömrük-keçid məntəqələrində yoxlamaların ləng aparılması barədə məlumatlar yer alır. Məxsusi olaraq, Azərbaycan - Gürcüstan gömrük keçid məntəqəsinin Azərbaycan tərəfində yaradılan süni əngəllər nəticəsində böyük insan tıxacı yaranır. Hətta tıxac o həddə çatır ki, bəzən yaşlı insanlar yıxlaraq, ayaq altında qalıb, tapdanır və ağır xəsarət alır. Əlbəttə, bu hal insanlarda ciddi etiraz doğurur.
Məlum problemin yaranma səbəbi barədə Sherg.az-a Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov danışıb. Şura sədrinin sözlərinə görə müvafiq qurumlar problemlə bağlı açıqlama verərsə, məsələ daha aydın araşdırıla bilər:"İnsanlar saatlarla, hətta bəzən günlərlə gömrük keçid məntəqəsində gözləməli olurlar. Təcrübə də göstərir ki, bu neqativlər, ləngimələr daha çox bayram günlərinə təsadüf edir. Bayram günlərində Gürcüstana getmək istəyən və oradan Azərbaycana keçən kifayət qədər çox insan olur. Problemin səbəblərindən biri də həmin say çoxluğuna görə hesablanmış əməkdaşlarla keçid məntəqələrinin təmin edilməməsi ola bilər. Məsələni dərindən araşdırmadan fikir söyləmək düzgün olmasa da hesab edirəm ki, tıxac yaranmasının digər səbəblərindən biri əhalinin digər keçid məntəqəsindən az istifadə etməsidir. Vacibdir ki, müvafiq qurumlar bayram günlərində sıxlığı nəzərə alaraq mümkün qədər işçi miqyasını artırsınlar”.
Azərbaycandan Gürcüstan ərazisinə iki keçid məntəqəsinin olduğunu diqqətə çatdıran A. Allahverənov problemin həllinin bir qədər də insanların özündən asılı olduğunu söyləyib:
"Qazax rayonu ərazisində yerləşən Qırmızıkörpü gömrük-keçid məntəqəsindən adətən avtobuslar və şəxsi avtomobillər daha çox istifadə edir. Əsas nəqliyyat axını buradan keçdiyinə görə, Qırmızıkörpüdə sıxlıq yaşanır. Halbuki Ağstafa rayonu ərazisində yerləşən Böyükkəsik keçid məntəqəsindən alternativ yol kimi yararlanmaq olar. Bəzi hallarda Qırmızıkörpü ərazisindən sıxlıqla istifadə edən şəxslərdən niyə buradan keçdiklərini soruşanda onlar yola bələd olmadıqlarını, hər digər yolun guya uzun olduğunu bəhanə gətirirlər. Aydın görünür ki, xüsusilə paytaxtdan və digər bölgələrdən Gürcüstana hərəkət edən şəxslərdə müəyyən məlumatsızlıq var. Şəxsi və digər nəqliyyat vasitələri sürücüləri Bakı-Qazax yoluna daha çox bələd olduqlarından Ağstafa-Böyükkəsik yolundan az istifadə edirlər. Ona görə Gürcüstan ərazisinə gömrük-keçid məntəqələrində sıxlığın aradan qaldırılması üçün müəyyən maarifləndirməyə də ehtiyac yaranır”.
Aysel Aslan