İşğaldakı tarixi mədəniyyət abidələrimizi necə qoruyaq? - Tarixçi danışır




"İşğal altında olan torpaqlarımızdakı tarixi mədəniyyət abidələrinin qorunması üçün beynəlxalq təşkilatlara müraciətlər etməliyik”.

Bunu Sherg.az-a işğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılmasına münasibət bildirərkən tarix elmləri doktoru Nəsiman Yaqublu deyib. 

O bildirib ki, abidələrimizin qorunması üçün YUNESKO xətti ilə ciddi şəkildə işlər görülməlidir:

"Ermənilərin vandalizm faktlarını beynəlxalq təşkilatlara təqdim etməklə onlardan abidələrimizin qorunmasını tələb etməliyik. Xarici ölkələrdəki Azərbaycan səfirlikləri, beynəlxalq təşkilatlardakı nümayəndələrimiz, diaspora təşkilatları böyük işlər görməlidir. İkinci tərəfdən ermənilər bir müddət əvvəl yalandan hay-küy qopardırdılar ki, guya Naxçıvanda onlara məxsus abidələr var və onların tarixən yaşadığı yerlərdə abidələr dağıdılır. Bu iddiaları irəli sürməklə petisiyalar hazırlayıb, müraciətlər edirdilər. Biz də hazırkı məsələyə görə bu şəkildə addımlar atmalıyıq. İşğalda olan ərazilərimizdəki tarixi abidələrimiz ya dağıdılıb, ya dağıdılmaq üzrədir, ya da ermənilər tərəfindən yalan məlumatlarla mənimsənilir. Ona görə də, sistemli şəkildə bu problemə diqqət yetirməliyik. Beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycana dəvət edib, əhəmiyyətli tədbirlər həyata keçirdiyimiz formada da bu tarixi mədəniyyət abidələrini beynəlxalq mübarizə formasına, şüara çevirib, böyük kampaniyalar həyata keçirməliyik. Bütün dünyanı bu prosesə cəlb etməliyik ki, abidələrimizi xilas edək”.

Qeyd edək ki, işğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb. "Şərq tarixi irsinin dirçəlişi fondu"nun həyata keçirdiyi qazıntı işlərinin 20-25 gün davam edəcəyi bildirilir.

Xatırladaq ki, Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb.  Yuxarı Məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur.

Ayyət Əhməd