Rayonlarda süni qiymət artımı - 80 qəpiklik dərman 2 manata satılır




"Rayonlarda xüsusilə, qeyri-ərzaq məsullarının baha olmasının səbəblərindən biri Azərbaycanda bütün logistikanın Bakı üzərindən qurulmasıdır”.

Bunu Sherg.az-a bölgələrdə paytaxta nisbətən müşahidə olunan bahalaşmanın səbəblərini şərh edərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, məsulların Bakıya gəlib, paytaxtdan rayonlara göndərilməsi yol xərclərinin artmasına da səbəb olur:

"Yol xərclərinin artması isə qeyri-ərzaq məsullarının qiymətlərinə mənfi təsir edir. Amma bu qiymətlərdə Bakı ilə regionlar arasında kəskin fərq olmamalıdır. Logistikaya görə maksimum 3-5 faiz qiymət fərqi ola bilər. Regionlarda alıcılıq qabiliyyətinin aşağı olmasını da nəzərə alsaq, qiymətlərdə kəskin fərq olması tamamilə məntiqi yanaşmadır. Daha artıq satış məntəqələri yaransa, rəqabətli mühit artsa, bu rəqabətli vəziyyət qiymətlərə də təsir edə bilər. Nəzarət tətbiq edilməsi və lazımı şərait yaradılması ilə iş adamları da qiymətləri süni şəkildə artıra bilməz. Regionlarda obyektlərin sıradan çıxması, dağıdılması daha tez baş verdiyinə görə regionlarda satış nöqtələrinin sayı azalır və rəqabətli mühit zəifləyir. Bu isə daha çox qiymət artımına gətirib çıxarır”.

Bu məsələ ilə bağlı dövlətin görəcəyi tədbirlərə də toxunan N. Cəfərli bildirib ki, regionlarda çalışan iş adamlarına, fiziki və hüquqi şəxslərə güzəştlər nəzərdə tutulub. İqtisadçının sözlərinə görə problemlərin yaranması göstərir ki, bu güzəştlər kifayət deyil:

"Regionlara dəstək üçün əlavə təşviq proqramlarına ehtiyac var. Ciddi vergi güzəştləri, iş adamlarının regionlarda fəaliyyətinə şərait yaratmaq üçün onlara uzunmüddətli aşağı faizli kreditlər tətbiq olunsun. Regionlar inkişaf etdirilməlidir. Təəssüf ki, bütün iqtisadi aktivlik Bakı və Abşeron yarımadasında cəmləşib. Bu da regionların boşalmasına, orada yaşayan insanların azalmasına iş yerlərinin bağlanmasına, gəlirlərin aşağı düşməsinə gətirib çıxartdı. Rəsmi rəqəmlər də sübut edir ki, ümumdaxili məhsulun və büdcənin formalaşmasında Bakı və Abşeron 90 faizdən yuxarı paya malikdir. Yəni iqtisadiyyat çoxşaxəli formaya keçməyib və regionlara yayılmayıb”.

N.Cəfərli onu da əlavə edib ki, regionlarda paytaxta nisbətən icra hakimiyyətləri biznesin işinə ciddi təsir edir:

"Bəzi iş adamları şikayət edirlər ki, regionlarda həyata keçirilən sosial layihələrə görə onlardan vəsait toplanılır. Bu zaman iş adamları öz xidmətlərinin və məsullarının qiymətlərini artırmaq məcburiyyətində qalırlar ki, xərcləri ödəyə bilsinlər. Bu hallar əhalinin cibinə ziyan edir və vətəndaşların regionlarda daha çox vəsait xərcləməsinə səbəb olur”.

Qeyd edək ki, rayonlarda qeyri-ərzaq məhsulları - dərman, yaş salfetka və s kimi məhsulların qiymətində kəskin bahalaşma müşahidə olunur. Paytaxt Bakıda 80 qəpiyə satılan "Qripsan" adlı dərman rayonlarda 2 manata satılır.  

Aysel Aslan