"Murdar ətlər təzə kəsilmiş dana əti adı ilə satılır" - TƏCİLİ





"Mənşəyi məlum olmayan ətlərin yayılmasına səbəb odur ki, əhali gözü qarşısında kəsilən ətlərə üstünlük verir və baytarlıq xidmətlərinə inamı yoxdur”.

Bunu Sherg.az-a "8-ci kilometr” bazarında murdar ət satışı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, mənşəyi məlum olmayan, murdar ətlər birbaşa göz qabağında olan, etibar edilən mağazalara verilir, guya ki, təzəcə kəsilmiş dananın ətidir:

"Paytaxta gətirilən murdar ətlərin bir hissəsi kolbasa sexlərinə, şadlıq evlərinə, qalanı isə mağazalara göndərilir. Bir neçə il əvvəl Saatlı rayonunda tanıdığım bir fermer ərizə ilə mənə müraciət etmişdi. Fermer murdar olmuş inəyi qamışlığa atıb ki, qurd-quş yesin, fermanın itləri yeməsin. Lakin murdar ət satanlar həmin inəyi leşini götürüb aparıblar.

Bazara getsək, görərik ki, yüzlərlə kəsilmiş cəmdəyin üzərinə baytarların yoxlama möhürləri vurulub. Guya, baytarlar səhərə qədər yoxlama aparıb, ətlərin gigiyenik qaydalarda saxlanmasını, mənşəyini, hallalığını təsdiq ediblər. Əhalinin isə baytarlara inamı yoxdur. Məsələn, "AzProtein Foods” MMC halal kəsilmiş, çəkilmiş təzə əti qablaşdırır, qoyur öz soyuducusuna və marketlərə satış üçün göndərir. Camaat isə o əti almır, "gözüm görən malı almalıyam” – deyə israr edir.
Ona görə, bu anormal vəziyyətin qarşısını almaq üçün baytarlar ciddi fəaliyyət göstərməlidir ki, əhali üzünü marketlərə tutsun. Bu məsələyə DİN müdaxilə edib, lazımi tədbirlər görə bilər”.

Qeyd edək ki, paytaxtın "8-ci kilometr” bazarında murdar ət satışı ilə bağlı görüntülər yayılıb.

Aysel Aslan