"Şahbazla bağlı heç bir məlumatımız yoxdur” - Bacısı




"Bir ay olar ki, qardaşımdan heç bir məktub almamışıq”.

Bunu Sherg.az-a Dağlıq Qarabağda girov saxlanan Şahbaz Quliyevin vəziyyəti barədə danışarkən girovun bacısı İradə Quliyeva deyib. 

O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi yaxınlarda məktub olacağı barədə məlumat verib:

"Ümid edirik ki, qardaşıma və Dilqəm Əsgərova baş çəkərlərsə, bizə bir xəbər gətirərlər. Hələlik isə heç bir dövlət qurumundan məlumat verilməyib. Ümumiyyətlə, son bir ayda ziyarət olunmayıb. Girovların səhhəti və ya durumu ilə bağlı heç bir məlumat əldə etməmişik. Şahbaz əvvəlki məktublarında özü yazıb ki, yaxşıdır. Şahbazla bağlı heç bir məlumatımız yoxdur”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Aysel Aslan