Tahir Kərimli: “Əgər bu müddətdə ağlabatan təklif verməsələr, dərhal anti-terror əməliyyatlarına başlanmalıdır”
“Əks halda bəzi xarici dövlətlər və qərəzli şəxslər xristian təəssübkeşliyindən əl çəkməyəcək və ərazi bütövlüyümüzü mütəmadi olaraq pozacaqlar”
Belaruslu blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından sonra Dağlıq Qarabağa səfər edən bloggerlərin sayı artıb. Son olaraq martın 20-də bir qrup blogger Xankəndində qanunsuz tədbir keçiriblər. Görünən odur ki, Azərbaycan diplomatiyasının Lapşin qələbəsindən sonra ermənilər bunu heç cür həzm edə bilmirlər.
Düşmən tərəf bu cür qanunsuz tədbirlərlə yəhudi bloggerin Azərbaycana ekstradisiyasının əhəmiyyətini azaltmaq və həbsin guya onlara təsir etmədiyini göstərmək istəyirlər. Heç şübhəsiz, son tədbirlə bağlı rəsmi Bakı lazımi addımlarını atacaq. Artıq Xarici İşlər Nazirliyi tərəfindən ilkin anons verilib. Siyasi ekspert Elçin Mirzəbəyli mətbuata açıqlamasında Azərbaycan tərəfinin bu istiqamətdə səylərini artırmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ölkə diplomatiyası, təhlükəsizlik və hüquq-mühafizə orqanları nəticədən asılı olmayaraq səylərini davam etdirməlidir: "İlk növbədə işğal altında olan Azərbaycan ərazilərinin statusu haqqında qanunun qəbul edilməsi gündəmə gətirilməlidir. Belə qanun layihələri artıq Gürcüstanda da, Ukrayna və Moldovada da qəbul edilib. İndiki halda söhbət bu qanunların nə qədər işlək olub-olmadığından getmir. Bu qəbildən olan qanunlar dövlətlərin qırmızı cizgilərini göstərirlər. Xarici İşlər Nazirliyinin "qara siyahı”sı isə hüquqi sənəd deyil. Mətbuat Şurasının "qara siyahısı” XİN-in qara siyahısından daha effektiv nəticə verir. Bu məsələlərə "kampaniya xarakterli tədbirlər” çərçivəsindən yanaşmaq olmaz”.
Politoloqun təklifi ilə bağlı "Şərq”ə danışan millət vəkili, hüquqşünas Tahir Kərimli işğal edilmiş torpaqlarımıza qanunsuz səfərlərin qarşısını almağın yeganə yolunu göstərib:
"Torpaqlarımızın azadlığı iddiasını kəskin şəkildə ortaya qoymalı, ATƏT-in Minsk Qrupunun səmərəsiz vasitəçiliyindən birdəfəlik imtina etməliyik. Vasitəçilərə konkret 1 il vaxt verilməlidir, əgər bu müddət ərzində ağlabatan təkliflərlə gəlməsələr, dərhal anti-terror əməliyyatlarına başlanmalı, torpaqlarımızı hərbi yolla işğaldan azad etməliyik. Əks halda bəzi xarici dövlətlər və qərəzli şəxslər xristian təəssübkeşliyindən əl çəkməyəcək və ərazi bütövlüyümüzü mütəmadi olaraq pozacaqlar. Çünki onların məqsədi Qafqaz regionunda xristian klanını gücləndirmək, islam birliyini zəiflətməkdir. Dağlıq Qarabağ münaqişəsinin ortaya atılması, düşmənə açıqdan dəstək verilməsi də sırf bu məqsədə xidmət edir. Bloggerlərin, əcnəbi təşkilatların Qarabağa səfəri də həmin amal uğruna reallaşdırılır. Təbii ki, bu məsələ ermənilərə sərf edir”. Millət vəkilinin sözlərinə görə, təklif edilən istənilən format müsbət nəticə verməyəcək. Çünki Azərbaycan hüquqi cəhətdən üzərinə düşəni edir: "Elçin bəyin təklifinə hörmətlə yanaşmaq lazımdır. Parlamentdə bir sıra deputat həmkarlarım buna bənzər təklifləri gündəmə gətiriblər. Lakin məsələnin çox həssas olduğunu nəzərə almalıyıq. Yaxşı olar ki, ilk növbədə Xarici İşlər Nazirliyi konseptual təklif hazırlayaraq, ölkə rəhbərliyinə təqdim etsin. Təklif yalnız o halda Milli Məclisin müzakirəsinə çıxarıla və parlament məmnuniyyətlə qanun qəbul edə bilər. Ancaq deputatların öz təşəbbüsləri ilə məsələ qaldırması hədsiz ağır bir prosedurdur. Həm də burada təhlükəsizlik, diplomatik danışıqlar məsələsi var. Biz isə prosesin təfərrüatlarını bilmirik”.
İsmayıl