Cümşüd Nuriyev vaxtı ilə Sarkisyanla bir yerdə işləyib

“Onu şəxsən tanıyıram və potensialına yaxşı bələdəm”
“Bizim müdafiəmiz o qədər güclüdür ki, hansısa bir tanınmayan obyekt cəmi 15 kilometr məsafə gedə bilər, sonrasında həmən vurulacaq”


Ermənistan prezidenti Serj Sarkisyan işğal altındakı Azərbaycan ərazisi - Dağlıq Qarabağa səfər edib. İşğal olunmuş ərazilərimizdə hərbçilər və onların ailə üzvləri qarşısında çıxış edən Ermənistan prezidenti Azərbaycanı "İskəndər”lə hədələyib.

Ermənistan əsgərlərinin Azərbaycan ərazisinin dərinliklərində bizim əsgərlərin hərəkətini izlədiyini vurğulayan Sarkisyanın sözlərinə görə, ərazilərimizin bütün istiqamətləri üzrə ən vacib infrastrukturlara qədər müasir güclü zərbə qüvvəsi istiqamətlənib: "Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, "İskəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək”.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın "İskəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Serj Sarkisyanın bu bəyanatı öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır:

"Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir.

Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir”.

Aprelin 2-də Ermənistanda parlament seçkilərinin keçiriləcəyini vurğulayan siyasi elmlər namizədi, professor Cümşüd Nuriyev eyni zamanda son dövrlər Ermənistan müxalifətinin həddindən artıq gücləndiyini və bunun Sarkisyanı necə qorxuya salması məsələsinə diqqət çəkib. 

Sarkisyanın qalib gəlmə şansının çox aşağı olduğunu vurğulayan professorun sözlərinə görə, Ovanisyanın dəstəsi Sarkisyanın öz məqsədinə çatmasına imkan verməyəcək. Sarkisyanın bütün addımları buna hesablanıb. O həmişəki kimi Dağlıq Qarabağ probleminin üstündən istifadə edərək xalqı arxasına almaq istəyir. Sarkisyanın Qarabağa səfər etməsinin dövləti cinayət olduğunu vurğulayan C.Nuriyev hesab edir ki, bu addım onun növbəti təxribatı kimi qəbul olunmalıdır.

Qaldı ki, "İskəndər” komplekslərinin tətbiqi məsələsinə, C.Nuriyev əvvəla, Ermənistanın o silahdan istifadə etmək ixtiyarının özündə olmadığını deyib: "İkincisi isə Azərbaycan öz ərazilərini raket hücumlarından müdafiə edən "Dəmir gümbəz” kompleksinə sahibdir. Bizim müdafiəmiz o qədər güclüdür ki, hansısa bir tanınmayan obyekt cəmi 15 kilometr məsafə gedə bilər, sonrasında həmən vurulacaq. Bu birmənalıdır. Həm də ki, burada insan faktoru rol oynamır, Azərbaycanın müdafiə sistemi tam avtomatlaşdırılıb”.

Sarkisyanın sərsəm bəyanatlarının daha çox publikaya hesablandığını vurğulayan C.Nuriyevin sözlərinə görə, ixtisasca santexnik olan Sarkisyanın dövlət siyasətindən və beynəlxalq münasibətlərdən baş çıxarmaması təbiidir: 
"Onun yalnız sümuzel sistemindən başı çıxır. Bunu təsadüfdən demirəm. Vaxtı ilə onunla bir yerdə işlədiyim üçün şəxsən tanıyıram və potensialına yaxşı bələdəm. Sarkisyan bu sözləri özbaşına deyəcək bir ixtiyar sahibi deyil. Tam əminlikə deyirəm ki, onun sayıqlamalarının arxasında Rusiya faktoru dayanıb. Rusiya səfərinin ardınca Qarabağa gedən Ermənistan prezidenti tülkü ola- ola, birdən şirə döndü. Görünür, Rusiya hansısa vəd verib. Faktiki olaraq Sarkisyan Rusiyanın sözçüsü rolunda çıxış edir. Bu bəyanat nə Sarkisyanın, nə də erməni xalqının mövqeyidir. O, Rusiyanın ona verdiyi "konspekt” əsasında danışıb. Baş verən bütün proseslər və Rusiya rəsmilərinin, politoloqlarının açıqlamaları fonunda deyə bilərəm ki, aprel ayı Azərbaycanda çox "isti” keçəcək. Sarkisyan seçkilərdə uduzacağı halda hakimiyyəti itirməmək üçün mütləq ordumuza qarşı təxribatlar olacaq. Bəlkə də, aprel döyüşlərinin ildönümü ərəfəsində yeni bir savaş çıxacaq. Sözsüz ki, ordumuz düşmənin bütün təxribatlarının qarşısını almağa hazırdır. Amma Rusiya hansı mövqeyi sərgiləyəcək bunu indidən demək çətindir”.

Şəymən