Büdcəyə xeyri az oldu...

İrandan gələn turistlər bu dəfə ayrı-ayrı evlərdə qalıblar
Hostellərin sayı artsa, yaxşı olar. Belə hallar da var ki, ayrı-ayrı şəxslər bir neçə ev alıb xarici turistlərə kirayə verirlər

Son illər Azərbaycanda turizm sektorunun inkişaf etdiyi danılmazdır. Xüsusən də, bayram günlərində, əlamətdar beynəlxalq tədbirlər, yarışlar keçirildiyi vaxtlarda paytaxtda qonaqların sayı qat-qat artır. Bu il də istisna təşkil etmədi. Novruz bayramı günlərində şəhərə çıxmaq fürsəti olanlar küçə və parklarda, xüsusən də İçərişəhərdə dəstə-dəstə turistlərin gəzişdiyini müşahidə etdilər.

Və təbii ki, qonaqlarımız arasında çoxluq təşkil edənlər əsasən müsəlman ölkələrindən, o cümlədən İran İslam Respublikasından gələnlər idi. İranda Novruz bayramı eynən bizdəki kimi dövlət səviyyəsində qeyd edildiyindən, təxminən 10 günlük tətil olduğundan güneyli bacı-qardaşlırımız məhz bu zaman səyahətə, gəzməyə çıxır.

"Trend”ə açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da bu il Novruz bayramı günlərində Azərbaycana başqa ölkələrdən, xüsusilə İrandan gələn turistlərin sayının ötənilki bayram günləri ilə müqayisədə çox olduğunu deyib.

Onun sözlərinə görə, İrandan gələn turistlərin əksəriyyəti bu dəfə ölkədə 1 həftədən çox qalıblar:

"Bayram günləri üçün Bakıda otellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlaşdırılmışdı. İrandan gələn aztəminatlı turistlər həm də ayrı-ayrı evlərdə qalıblar. Lakin bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən doğru deyil, həm də ölkənin büdcəsinə gəlir gətirmir”.

M.Ağakərimov bildirib ki, Azərbaycanda aztəminatlı təbəqənin də dincələ bilməsi üçün 1 və 2 ulduzlu hotellərin və hostellərin tikilməsinə ehtiyac var.

AzTA rəsmisi əlavə edib ki, bayram günlərində Azərbaycana gələn qonaqlar yalnız Bakıda istirahət etməyiblər. Onların bəziləri regionlara, xüsusilə Quba, Qusar, Şəki və Qəbələyə səfər ediblər.

M.Ağakərimov açıqlamasında kiçik həcmli və az məsrəfli qonaq evlərinin tikilməsi məsələsinə toxunub.

Həqiqətən də, hazırda dünyanın sayılıb-seçilən turizm bölgələrində kiçik həcmli və az məsrəfli hostellər çox populyardır. Hostellər qonaqlamanın ən ucuz, sərfəli və ən sosial yollarından biri hesab olunur. Bel çantasını kürəyinə keçirib kiçik büdcə ilə uzun səyahətə çıxmaq fikrinə düşənlər məhz hostellərdə qalmağı seçir. Bu sıraya daha çox gənclər, qrup şəklində səyahətə çıxanlar aiddir. Və əlbəttə, büdcəsi böyük olmayanlar. Məsələn, soydaşlarımız Təbrizə səfər etdikdə, birgə yaşayış tipli ortabab qonaq evlərində, yaxud ucuz otellərdə qalmağı bahalı mehmanxanalardan üstün tuturlar. Əlbəttə, hər kəs cibinə görə hərəkət etməlidir. Bu mənada İrandan gələn turistlərin bir qisminin mehmanxanalarda deyil, fərdi evlərdə qalması da başadüşüləndir. Qalır məsələnin ikinci tərəfi - bu halda dövlət büdcəsinin turistlərdən xeyir əldə etməməsi. Ölkəyə axın edən turistlərdən gözlənilən gəlir əldə etmək üçün hansı tədbirlərə ehtiyac var?

Turizm məsələləri üzrə ekspert, iqtisadçı Elxan Vəliyev "Şərq”ə açıqlamasında hostellərlə bağlı ölkədə sıxıntı olduğunu bildirdi:

- Hostellər var, amma sayı azdır. Bu sektoru böyütmək lazımdır. Biz nəzərə almalıyıq ki, turistlərin heç də hamısı varlı, imkanlı deyil. Xüsusən də, xarici ölkələrin vətəndaşları az məsrəflə çox səyahət etməyi həmişə üstün tuturlar. Bu turizmin adi, normal qaydasıdır. Belə fikir yaranmasın ki, kim səyahətə çıxırsa, deməli, varlıdır. Qətiyyən belə deyil. Avropa ölkələrinin vətəndaşları ucuz, sərfəli qiymətlərlə dünya turnesinə də çıxırlar. Bahalı mehmanxanalarda qalanlar, adətən biznes insanları, hansısa işbirliyi, müqavilə, sərmayə yatırımı üçün səfər edənlərdir. Biz orta təbəqəni, az xərclə səyahət etmək istəyənləri də nəzərə almalıyıq. Və sizə deyim ki, məhz bu təbəqə digərindən həmişə sayca böyük olur. Büdcə də onların hesabına qat-qat artıq gəlir əldə edə bilər. Bakıda mehmanxanalar, otellərlə yanaşı, hostellər də var, amma azdır. Yavaş-yavaş bu sahədə inkişaf getməlidir. Hostellərin sayı artsa, yaxşı olar. Belə hallar da var ki, ayrı-ayrı şəxslər bir neçə ev alıb xarici turistlərə kirayə verirlər. Bu da hostelin bir formasıdır, amma daha rahatdır. Məsələn, bir ailə 2-3 otaqlı mənzildə konkret qiymətə neçə gün istirahət edir. Bunu nəzarət etmək çətindir. Burada vergidən yayınma halları da labüddür. Bu mənada hostellərin tikintisi daha münasibdir, çünki belədə dövlət büdcəsi xeyir əldə edəcək.

Bizim turizm sektorunda nəzarət olunmalı əsas məsələlərdən biri qiymət siyasətidir. Qiymət siyasəti düzgün qurulmalıdır. Müəyyən otellər var ki, xaricdən turist cəlb etmək minimum qiymətlər təklif edir. Ehtiyat edirlər ki, yerlər boş qalar və bu ehtimal sıfır olsun deyə, qiymətləri endirirlər. Amma məhz xarici turizm şirkətləri üçün. Belədə yerli turizm şirkətləri rəqabətdə xarici şirkətlərə uduzur. Belə vəziyyət turizm sektorunda sağlam rəqabətin formalaşmasını əngəlləyir. Bu məsələyə nəzarət təkcə Mədəniyyət və Turizm Nazirliyinin öhdəsində olan iş də deyil. Bunda turizm şirkətləri, mehmanxanalar özləri maraqlı olmalıdır ki, qarşılıqlı hörmət, anlaşma şərtlərinə əməl edilsin.

Məlahət Rzayeva