Tarixçi sərt danışdı

Xarici İşlər Nazirliyi səviyyəsində tərəflərə nota verilməlidir
“Gövhər Ağa Məscidinin bərpasında İran rejimi ermənilərlə birgə işləyir”

Ermənilər işğal altında olan Şuşa şəhərinin Gövhər Ağa Məscidində qazıntı işləri aparır. "Tarixi mühitin qorunması” adlı qurumun rəhbəri Marat Şahmaryanın sözlərinə görə, qazıntı işləri 20-25 gün davam edəcək: "Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Abidə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər çəkib”.

Xatırladaq ki, Gövhər Ağa Məscidi ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur. Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlanılıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa 1883-cü ildə memar Səfi xan Qarabağinin köməyi ilə məscidin tikintisini yekunlaşdırıb. Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətə başlasa da, erməni vandallarının işğalı nəticəsində ibadət ocağı bərbad vəziyyətə salınıb. 

Düşmənin tarixi abidələrimizi özününkiləşdirmə siyasətinə münasibət bildirən tarixçi-alim Dilavər Əzimli "Şərq”ə deyib ki, erməni yalanları gec-tez ifşa olacaq: 

"Qarabağ albanları ilə keçirilən sonuncu görüşdə ermənilər biabırçı şəkildə uduzdu. Çünki Qarabağda yaşayan albanların qədim türk xalqı olduğu bütün dünyaya məlum oldu. Albanlar Azərbaycanın köklü əhalisidir. Sadəcə olaraq dini müstəvidə bizdən ayrı düşüblər. Yəni qədim alban xalqının bir hissəsi xristian olaraq qalıb, digər qismi isə islam dinini qəbul ediblər. Dünya tarixşünaslığının köməyi ilə ermənilər bundan fürsət kimi istifadə etməyə, tariximizi öz adlarına çıxarmağa çalışıblar. Ancaq həqiqət dəyişmir və gec-tez ortaya çıxır. Dağlıq Qarabağın bütün dövrlərinə xas olan abidələrin hamısı Azərbaycana məxsusdur”. 

Tarixçi bildirib ki, ermənilər Qarabağda Azərbaycan türkünün izini silməyə çalışırlar: 

"Təəssüflər olsun ki, bu çirkin işdə qonşu İran da düşmənə köməklik edir, tarixin saxtalaşdırılmasında onlara yardım göstərir. Gövhər Ağa Məscidinin bərpasında da İran rejimi ermənilərlə birgə işləyir. Məhz ona görə düşmən tərəf tarixi məscidimizə fars abidəsi donu geyindirməyə çalışır. Azərbaycan tərəfi buna sərt reaksiya verməlidir. Xarici İşlər Nazirliyi səviyyəsində tərəflərə nota verilməli, BMT-yə, UNESKO-ya abidələrin məhvi ilə bağlı şikayətlər, müraciətlər ünvanlanmalıdır. Həmçinin, həmin dövrün araşdırmaçıları və tarixçiləri sosial şəbəkələrdə, xəbər agentliklərində aktiv olmalıdır. Təəssüflə qeyd edirəm ki, müqavimət işimiz, mübarizəmiz çox zəifdir, işə biganə yanaşırıq, məsələnin mahiyyətini dərk etmirik. Demək olar ki, Elmlər Akademiyasının Tarix İnstitutundan başqa heç bir qurum iş görmür”.

İsmayıl