Rusiya sosial partlayışa hazırdır

Əgər proses özbaşına buraxılarsa, ciddi toqquşmalar və qarşıdurmalar baş verə bilər
Görünən odur ki, Rusiyada qatı müxalifətin mübarizəsi ilə yanaşı, hakimiyyət daxilində də ziddiyyətlər mövcuddur

Martın 26-da Moskvada da kütləvi mitinq keçirilib. Minlərlə insan küçələrə çıxaraq Rusiyanın baş naziri Dmitri Medvedyevin istefasını tələb ediblər. Aksiya iştirakçıları Rusiya hakimiyyətinə, birbaşa olaraq Medvedyevin ünvanına tənqid və təhqirlər səsləndiriblər. Mitinqin təşkilatçısı Rusiyanın müxalifət lideri Aleksey Navalnı polis tərəfindən həbs edilib. Aksiyalarda insanların sayının 10 mindən çox olduğu bildirilib.

Mitinq zamanı polislər xalqa qarşı zor tətbiq ediblər. Əvvəlki aksiyalardan fərqli olaraq budəfəki mitinqdə rus polisi daha qəddar və kobud rəftarı ilə yadda qalıb. Polislər yerə yıxılan insanları acımadan döyüb və təhqir ediblər, qadınları yerdə sürüyüblər. Mitinqdən çəkilən görüntülərin Rusiya KİV-lərində yayılması qadağan edilib. Aksiyalar, həmçinin Sankt-Peterburq, İrkutsk, Tomsk, Krasnoyarsk, Xabarovsk, Çelyabinsk, Yekaterinburq şəhərlərində də baş tutub. Aksiya zamanı 200-ə yaxın etirazçı saxlanılıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner aksiyanın dağıdılmasına görə Rusiya hökumətini tənqid edib. Toner yüzlərlə etirazçının saxlanılmasını qınayaraq, bu addımları "demokratik dəyərlərin təhqiri” adlandırıb: "Biz Rusiya hökumətini bütün dinc etirazçıları dərhal azad etməyə çağırırıq”. ABŞ rəsmisi Vaşinqtonun müxalifət lideri Aleksey Navalnının saxlanılmasından narahat olduğunu bildirib.

Rusiyadakı prosesləri "Şərq”ə şərh edən siyasi ekspert Tofiq Abbasov deyib ki, şimal qonşumuzda müşahidə olunan rüşvət halları və süni qiymət artımı vətəndaşları bezdirib. Bundan əlavə oliqarxların özbaşınalığı, məmurların harınlığı da əhalinin meydanlara çıxmasına səbəb olub: 

"Üstəlik bəzi xarici siyasi dairələr Rusiyadakı etirazlara, dağıdıcı trendlərə yön verməyə çalışırlar. Rusiya Qərbin gözündə hər zaman düşmən obrazındadır. Ona görə də müəyyən dairələr Moskva hökumətinin istənilən formada zəifləməsində maraqlıdırlar. Kreml bunu gözəl anlayır və çalışır ki, ölkədəki etirazları, onlara başçılıq edənləri ciddi nəzarətdə saxlasın. Ancaq görünən odur ki, Rusiyada qatı müxalifətin mübarizəsi ilə yanaşı, hakimiyyət daxilində də ziddiyyətlər mövcuddur. Bu səbəbdən Kreml mərkəzləşmiş müxalifətin formalaşmaması üçün daha sərt addımlar atmağa ehtiyac duyur. Lakin bununla yanaşı, Moskva hökuməti müxalifətin fərqli qanadları ilə dialoq qurmağa cəhd edir”. 

Ekspertin sözlərinə görə, Rusiya müxalifəti boş dayanmır: 

"Müxalifət sıralarını genişləndirir, koordinasiyanı genişləndirir. Onların ən böyük gücü isə xaricdən aldıqları dəstəkdir. İndiki etiraz aksiyaları müxalifətin təşəbbüsü və istiqamətləndirməsi ilə davam etdirilir. Əgər proses özbaşına buraxılarsa, ciddi toqquşmalar və qarşıdurmalar baş verə bilər. Əksər ekspertlərin fikrincə, Rusiya sosial partlayışa hazırdır. Ölkədə narazıların sayı sürətlə çoxalır. Baş verənləri Medvedyevin siyasi oyunları kimi də dəyərləndirirlər. Ehtimallara görə, artıq Putinlə Medvedyevin yolları haçalanır”.

İsmayıl