“Ölkəmizi tanıyaq” aksiyası çox uğurlu alınıb

Təklif olunur ki, layihəyə təkcə təhsil nəticələri yüksək olan məktəblilər yox, həm də zəif nəticə əldə edən məktəblilər qoşulsun


Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın bu il martın 16-da başlanan növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları uğurla davam edir.

Ölkə ictimaiyyətinin, ziyalıların, müəllimlərin, valideynlərin yekdil rəyinə görə, bu layihə həqiqətən də respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisədir və məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verir.

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola salınan şagirdləri Bakıdan aparan təyyarə martın 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda havaya qalxıb.
Tur-aksiya çərçivəsində muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 160 şagird və 20 bələdçi-müəllim Bakıya səfər edib.
Qrup rəhbəri Murad Babayev bildirib ki, martın 23-dən başlayaraq naxçıvanlı şagirdlər proqrama uyğun olaraq paytaxtımızın tarixi abidələri ilə yanaşı, digər görməli yerlərini də gəziblər. Şagirdlərə abidələr barədə dəqiq və düzgün məlumatlar çatdırılıb. Həmçinin tur-aksiya çərçivəsində məktəblilər üçün gözəl ekskursiyalar, bilik yarışları, əyləncəli oyunlar təşkil olunub. Bütün bunların gənc nəslin milli ruhda formalaşmasına böyük təsiri var. Belə tur-aksiyaların keçirilməsi şagirdlərə böyük ruh yüksəkliyi gətirib.

O, bütün iştirakçılar adından aksiyanın təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlığını bildirib.

Culfa şəhər 2 saylı orta məktəbin XI sinif şagirdi Nuray Rzabəyli də bu tur-aksiyada iştirak etdiyi üçün çox şad olduğunu deyib. Tur-aksiyanın Novruz bayramı ərəfəsində keçirilməsinin daha da sevindirici hal olduğunu vurğulayan culfalı məktəbli bildirib ki aksiya çərçivəsində ölkəmizin gözəllikləri, abidələri, tarixi ilə daha yaxından tanış olduq. Arzu edərdim ki, gələn illərdə bu aksiya Qarabağda keçirilsin.

Naxçıvanlı şagird Pənah Əbdürrəhmanlı isə səfərin çox gözəl keçdiyini qeyd edib: "Əvvəllər görmədiyimiz yerləri ilk dəfə gördük. Bakının gözəl məkanlarına səfər etdik. Bu, həyatımızda irəliyə doğru atılmış böyük bir addım oldu. Həmişə kitablardan, şəkillərdən tanış olduğumuz Qız Qalasını, Şirvanşahlar və Heydər Əliyev saraylarını yaxından gördük”.

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın təqdirəlayiq bir layihə olduğunu vurğulayan təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında artıq iki ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi İcra hakimiyyətinin nümayəndələri ilə bu turların təşkil edildiyini qeyd edib və bunun olduqca maraqlı və vacib bir addım olduğuna diqqət çəkib: "Bütün dünya ölkələrində təhsil müəssisələri arasında münasibətlərin, əməkdaşlığın genişləndirilməsi üçün bu tipli turlar həyata keçirilir.

Hətta sovetlər dönəmində də Azərbaycan məktəbliləri pioner düşərgələrinə cəlb olunurdu. Bu layihənin müsbət tərəfi də odur ki, şagirdlər dərsliklərdə gördükləri tarixi yerləri, abidələri əyani şəkildə görürlər.
Müsbət tərəfləri ilə yanaşı, gələcəkdə bu layihədə müəyyən dəyişikliklər edilməsi barədə düşünmək lazımdır. İlk növbədə isə turların iştirakçılarının sayı və tura cəlb olunmasından başlamaq lazımdır. Hesab edirəm ki, təkcə təhsil nəticələri yüksək olan məktəblilər yox, həm də zəif nəticə əldə edən məktəblilər də bu layihənin iştirakçılarına çevrilməlidir. Bundan əlavə, bu turları təkcə ölkə ərazisinə yox, xarici ölkələrə də təşkil etmək lazımdır. Çünki bizim təhsilimiz dünyaya inteqrasiya proseslərini yaşayır. Bunun daha sürətli həyata keçirilməsi üçün məktəblilər arasında məlumatların çoxalması müsbət təsir göstərəcəkdir”.

Şəymən