Müsbət nəticələr var

Ötən illə müqayisədə iqtisadiyyatda müsbət dəyişikliklər başlayıb


Yanvar-fevral aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 10042,6 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1035,6 manata bərabər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 56,8 faiz olub.

Bu artımın ümumi iqtisadi dirçəlişin başlanğıcı hesab edilib-edilməməsinə gəldikdə isə, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Şərq”ə açıqlamasında ilk baxışda 0,4 faiz həddində artımın elə də böyük bir irəliləyiş olmadığını deyib: 

"Lakin məsələyə bir qədər dərindən yanaşdıqda, belə bir artımın həqiqətən də iqtisadi dirçəlişin başlanğıcı olduğunu görmək mümkündür. Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə nəzər salaq. 2016-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,2 faiz azalmış, cari ilin iki ayı ərzində isə ÜMD 2016-cı ilin ilk iki ayı ilə müqayisədə 0,4 faiz artmışdı. Deməli, cari ilin iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatda nəinki 0,4 faiz artım baş verib, eyni zamanda ötən ilin əvvəlki iki ayında yaranmış 3,2 faiz geriləmə də aradan qaldırılıb. Bu isə kifayət qədər yaxşı nəticədir və onu iqtisadiyyatda müsbət dəyişikliklərin başlanğıcı kimi dəyərləndirmək lazımdır.

Bu ilin yanvar-fevral aylarında demək olar ki, iqtisadiyyatın əksər sahələrində ötən ilin müvafiq dövrü ilə müqayisədə pozitiv nəticələr əldə olunub”.

Ötən ilin ilk iki ayı ilə müqayisədə, 2017-ci ilin yanvar-fevral aylarında qeyri-neft Ümumi Daxili Məhsulunun 2,3 faiz artdığını vurğulayan F.Yusifovun sözlərinə görə, 2016-cı ilin ilin yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə geriləmə 5,5 faiz olub, deməli qeyri-neft ÜDM-da cari ilin iki ayı ərzindəki artımı 2,3 faiz deyil, 7,8 faiz (2,3 + 5,5) səviyyəsində dəyərləndirilməlidir: "Hesabat ilinin iki ayı ərzində qeyri-neft sənayesi 5,0 faiz, əsaslı kapital qoyluşu 5,7 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 3,2 faiz (o cümlədən bitkiçilik məhsullarının istehsalı 28,8 faiz), yükdaşımaların həcmi 4,4 faiz artmışdı. Ümumi xarici ticarət dövriyyəsində ötən ilin yanvar ayında qeydə alınmış geriləmə cari ilin yanvar ayında 2,6 faizə qədər azalmış, həmin dövrdə qeyri-neft sektorundan ixracın həcmi 49,5 faiz artmışdı.

Bütövlükdə cari ilin ilk iki ayının nəticələri onu deməyə əsas verir ki, 2015-ci ilin sonlarından başlayaraq hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır”.

Şəymən