Ancaq ekspert hesab edir ki, Azərbaycanda hindquşu istehsalı gəlirli sahə deyil
Ola bilsin Danimarka şirkəti hindquşu yetişdirib ətindən başqa ət məmulatları hazırlayacaq
Danimarka şirkətləri Azərbaycanın İsmayıllı rayonunda hindquşu fabriki açmağı planlaşdırır. Bundan ötrü ölkəyə yeni müasir texnologiyalar gətiriləcək.
Fins.az xəbər verir ki, bu barədə Danimarkanın Azərbaycana yeni təyin olunmuş səfiri Svend Olling bildirib.
Səfir Danimarka şirkətlərinin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, "Carlsberg” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini, həmçinin hazırda ölkənin qida sənayesinə investor cəlb etdiklərini də bildirib.
Səfir Azərbaycanla Danimarka arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair müqavilənin imzalanacağını da bildirib.
Ekspertlər bunun iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan yaradacağını istisna etmirlər. Lakin investisiya cəlbinin səmərə verməsi işin təşkilindən bilavasitə asılıdır. Ekspertlər hesab edir ki, sərmayə qoyuluşu zamanı ölkənin yerli xüsusiyyətləri, istehlakçının tələbatı mütləq nəzərə alınmalıdır.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev "Şərq”ə açıqlamasında 4-5 il əvvəl Bakının Zirə qəsəbəsində hindquşu fabrikinin mövcud olduğunu dedi:
- Zirədə hindquşu yetişdirilən təsərrüfat yaradılmışdı. Lakin sonra məlum oldu ki, hindquşu mövsümü qida məhsullarına aiddir. Onu demək olar, payızda, ya da qış aylarında alırlar. Yəni, hindquşu adətən soyuq fəsillərdə yeyilir. Havalar azca isindimi hindquşu satılmır. Yetişdirilən hindquşları aylarla qalırdı, satılmırdı. Ona görə də təsərrüfatlar ziyanla işləyir. Hindquşu elə bir quş növüdür ki, az istifadə olunur. Təsərrüfatlar çalışır ki, çəkisi az olsun. Çünki ağır çəkili hindquşları alınmır. Hindquşu bir az böyüdümü, çəkisi ağırlaşdımı dadı-tamı itir. Ancaq qışda, bayramlarda az-az satılır. Yəni, bu quşu saxlayıb yetişdirmək təsərrüfatçıya əl vermir.
Bir müddət əvvəl Xırdalanda dəvəquşu yetişdirilməyə başlandı. Kiloqramı 8 manat idi. Amma hər adam dəvəquşu almır. Bizim xalqın özünəməxsus damaq dadı var. Hindquşudu, dəvəquşudur, ördək, qaz, çöl quşlarıdır, bunları hər adam yemir. Ovçular, ov mövsümündə ova çıxanlar bəzi çöl quşlarını vurur. Amma bu quşlar Azərbaycan əhalisinin kütləvi istehlak etdiyi məhsullar deyil. Elə ölkələr var, orda at əti də yeyirlər. Amma bizdə at əti yeyilmir. Dəvə əti yeyilmir. Yəni, hansı məhsulu istehsal etmək istəyirsənsə, gərək əvvəlcə onun tələbat qabiliyyətini öyrənəsən. Ola bilsin Danimarka şirkəti hindquşu yetişdirib ətindən başqa ət məmulatları hazırlayacaq. Bəlkə hindquşu ətindən kolbasa, sosis istehsal edəcəklər. Belədə, bəli, istehsal səmərəli ola bilər. Amma sırf hindquşu istehsalı məncə, çox da gəlirli sahə deyil. Şübhəsiz, xarici investorlar sərmayə qoymazdan öncə imkanları, yerli xüsusiyyətləri də araşdırırlar. İnanmıram ki, onlar görməzə-bilməzə, gəlir-çıxarlarını hesablamadan hansısa işi başlatsınlar.
Məlahət Rzayeva