"...Maşın bazarı ölü vəziyyətdə deyil”




"Dolların ucuzlaşması və bahalaşması maşın bazarlarına da təsir göstərir”.

Bunu Sherg.az-a maşın bazarlarındakı vəziyyətlə bağlı danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. 

O bildirib ki, bazarlarda aktivləşmə müşahidə olunur:

"Şəxsi müşahidələrimə görə, deyə bilərəm ki, həftə sonları Mikayıl Müşfiq küçəsindən maşın bazarına doğru hərəkət etdikdə bazardakı vəziyyəti aydın görmək olur. Maşın alverçiləri yol boyu hərəkət edən maşınların qarşısını kəsərək sürücülərdən maşını satıb, satmadığını soruşurlar. Görünür, maşınlara tələbat var. Buna görə, rahat demək olar ki, maşın bazarı ölü vəziyyətdə deyil”.

Bazarda dövriyyənin 80-90 faizini ikinci əl avtomobillərin təşkil etdiyini deyən E.Muradlının sözlərinə görə, artıq xaricdən maşın gətirib satan məhşur avtosalonlar da işlənmiş avtomobil biznesinə keçib:

"Buna səbəb gömrük rüsumlarındakı dəyişiklər və "Avro- 4” standartının tətbiq olunmasının xaricdən maşın gətirilməsinə maneələr törətməsidir. Qiymətlərə gəldikdə isə bahalı avtomobillər çox az satılır. Qiyməti təxminən 50 min manata qədər olan maşınlar bazarda müəyyən dövriyyə edə bilir. Bununla belə 5-20 min arasında olan avtomobillər daha çox alınıb, satılır. Rusiya istehsalı olan, xüsusilə, "Lada”, "Niva” markalı avtomobillərə tələbat çoxdur. Amma son vaxtlar Çin istehsalı avtomobillərə də müəyyən keçid olub. Yeni avtomobil almaq istəyənlərin Koreya, Almaniya və digər ölkələrin istehsalı olan avtomobillərə maddi cəhətdən gücü çatmadığına görə, Çinin buna oxşar variantda olan avtomobillərini alırlar”.

Avtomobil alıcılarına məsləhət verən ekspert qeyd edib ki, ili köhnə də olsa da, alıcılar daha çox təhlükəsizlik effektləri yüksək olan avtomobillərə üstünlük versə yaxşı olar:

"Çin avtomobillərində o qədər də keyfiyyət görmürəm. Hər halda alanlar da narazı deyil. Amma bu avtomobillər Azərbaycanda yeni olduğundan bir neçə ildən sonra onların keyfiyyəti ortaya çıxacaq”.

Aysel Aslan