“Mən burdan heç yerə getməyəcəm. Onlar buna ancaq o halda nail ola bilərlər ki, ya məni intihara vadar edəcəklər, ya da həbs olunum”
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 137 ünvanında yerləşən evi yandırılıb. Bizimlə söhbət zamanı da elə hadisə yerində olduğunu vurğulayan R.Hacılı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da orada olduğunu deyib.
Onun dediyinə görə, 1993-cü ildən Ermənistan-Azərbaycan müharibəsi zamanı işğal olunmuş Füzuli rayonundan qaçqın düşdüyü zamandan bəri ailəsi ilə birlikdə yaşamağa məcbur qaldığı gecəqondu martın 28-i gecə saatlarında naməlum şəxslər tərəfindən yandırılıb.
- Ramin bəy, yanğının başvermə səbəbi məlum oldu?
- Yanğını görən hər kəsin ümumi rəyi odur ki, hadisə öz-özünə baş verməyib. Aparılan ilkin araşdırmalar zamanı yanğının baş verdiyi nöqtə də aşkarlanıb və orada yanğın törədəcək heç bir elektrik vasitəsi yoxdur. Hələ ki tədqiqatlar davam etdirildiyi üçün hansısa bir addım atmazdan əvvəl yekun nəticəni gözləyirəm.
- Bəs, kim, niyə yandırsın, sizin evinizi?
- Əslində səbəb bəllidir. Hamı da mənimlə eyni fikirdədir ki, ancaq ərazidə gözü olan birisi bu cinayəti törədə bilər. Axı bizdə bir insanın yerinə sahib çıxmaq üçün onun daxmasını yandırıb, yerində böyük imarət tikmə ənənəsi var. Mən də bu ənənədən şübhələnirəm. Yandırmaqda məqsəd isə böyük vəsait ödəmədən əraziyə sahib olmaqdır. Uşaqlığımı yaşadığım evimi bütün xatirələrimlə birlikdə yandırdılar ki, sadəcə torpaq adı ilə ucuz qiymətə alsınlar.
- Bundan sonrası üçün nə düşünürsüz?
- Yuxarıda da dediyim kimi, araşdırmaların nəticəsini gözləyirəm. Hadisəni ictimailəşdirəcəm və reaksiyalara uyğun addımlar atacam.
- Bir müddət əvvəl sosial şəbəkələr vasitəsilə müraciət edərək Sizə qarşı təhdidlər olduğunu və evinizin buna qədər də bir neçə dəfə yandırılmasına cəhd edildiyini bildirmişdiz. Bu yanğınla birbaşa əlaqəsi var?
- Təbii ki var. Amma mən məsələni belə qoymayacam. Evimi yandırmaqla istədiklərinə nail ola bilməyəcəklər. Hadisə baş verən andan mən burdayam və heç bir yerə getməyəcəm. Əgər kimsə elə fikirləşir ki, evimi yandırmaqla mənim torpağıma sahib çıxıb, istədiyi obyekti tikə biləcək. Xeyr, mən buna imkan verməyəcəm. Onlar buna ancaq o halda nail ola bilərlər ki, ya məni intihara vadar edəcəklər, ya da həbs olunum. Üçüncü bir yol yoxdur.
- Siz o evdə yaşayırdız?
- Xeyr, ailə həyatı quranda bu evdə qalmağım mümkün olmadığı üçün kirayə çıxmağa məcbur oldum. Hazırda mən kirayədə yaşayıram. Amma anam bu evdə yaşayır. Xoşbəxtlikdən yanğın baş verən zaman evdə olmayıb. Bu da onunla bağlıdır ki, soyuq havada evimiz yaşanacaq halda olmadığı üçün küləkli və şaxtalı havalarda anam burda qalmırdı. Astma xəstəsi olduğuna görə tez-tez ya xalamgilə gedərdi, ya da bizdə qalırdı. Dünən də anamın evdə olmadığı bir vaxtda yanğın baş verib.
- Evinizi almaq üçün konkret kimsə sizə müraciət etmişdi?
- Yox, belə bir hal olmamışdı. Ancaq kənardan söz göndərənlər olmuşdu. Bir də qonşulardan kimsə soruşurdu ki, evi satsan neçəyə verərsən? Bu da illər əvvəlin söhbətidir.
Şəymən