Ərşad Hüseynov: "Taksi sistemindəki nizamsızlıq..."




Taksi sistemindəki nizamsızlıq taksilərin avtobusların hərəkəti üçün çəkilməsi planlaşdırılan xüsusi hərəkət zolağından istifadə etməsinə imkan vermir”.

Bunu Sherg.az-a 9 küçə və prospektdə çəkiləcək xüsusi zolaqdan istifadə qaydalarını şərh edərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

O bildirib ki, avtobuslardan başqa, operativ nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınlarının xüsusi zolaqdan istifadəsi nəzərdə tutulsa da, taksilərə icazə verilməsi qanunvericilikdə də nəzərdə tutulmur:

"Üstəgəl, hazırkı vəziyyət də buna imkan vermir. Çünki mövcud olan intizamsızlıqların qarşılığında taksi sürücülərinə belə üstünlük verilsə, o zaman daha da intizamsız olacaqlar. Amma gələcəkdə problemlər həll olunacağı təqdirdə, intizamlı taksilərin yeni çəkiləcək zolaqlara buraxılması müzakirə oluna bilər.

Taksilər öz fəaliyyətlərində nizamlılığı təmin etsə, hər kəs fərqlənmə nişanı alsa, qanunauyğun şərait yaradılsa, sürücülər xüsusi təlim və hazırlıq keçib, düzgün şəkildə bu nəqliyyat vasitələrini idarə etsələr qanunvericilikdə dəyişiklik etmək olar. Hələlik, bu mümkün deyil”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) 36 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının çəkilməsini təklif edib.

Aysel Aslan