"İşğalçı dəstələrin Azərbaycandan çıxarılması əngəllənir"





"Sergey Lavrovun bəyanatlarının səbəbi amerikalı həmsədrin guya Rusiyanın yanaşmasının mahiyyətini itirməsi haqqındakı açıqlamasıdır”.

Bunu Sherg.az-a Rusiya xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan və Azərbaycanın siyasi iradəsindən və kompromisslərə getməyə hazırlığından asılıdır” açıqlamasını şərh edərkən politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, S.Lavrovun çıxışı yeni heç nə vəd etmir:

"Problemin əsas məqamları, müqayisə doğuran baxışlar təzadlıdır. Gündəmdə yeni baxışlar var. Biz bundan belə qənaətə gələ bilərik ki, Amerika və Rusiyanın fikirləri yenə də haçalanır, təzad yaranır. Bu, o deməkdir ki, Minsk qrupunun həmsədrləri içərisində parçalanma başlayır. Ola bilsin, bu Donald Trampın hakimiyyətə gəlməsi ilə bağlıdır ki, Amerikanın xarici siyasət bölümü artıq bu münaqişədə, ümumən postsovet məkanında liderliyi təmin etmək istəyir. Boşluq yaranmasın deyə S.Lavrov həmin açıqlamasını səsləndirir ki, guya regionda yeni nə isə baş verir. 

Əslində ortada heç nə yoxdur. Ermənistanda baş tutan parlament seçkiləri ilə əlaqədar ermənilərin başı öz ölkələrinə qarışıb. Digər tərəfdən erməni işğalçı dəstələrinin Azərbaycandan çıxarılması əngəllənir. Qoşunlar işğal olunmuş ərazilərdə qaldıqca münaqişənin həllindən söhbət gedə bilməz. Lavrov da bunu çox gözəl başa düşür. Bilir ki, Azərbaycan torpaqların Ermənistanda qalması ilə heç vaxt barışmayacaq və mövcud imkanlarından istifadə edəcək. Ona görə, indi boşluq yaranmasın deyə, o, həmin fikirlərini mətbuata çıxarıb”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni mətbuatın müsahibəsində münaqişə ətrafında bir çox məsələlər üzrə razılıq əldə olunduğunu deyib.

Aysel Aslan