"Qazaxıstanın Qarabağ məsələsində Azərbaycana DƏSTƏYİ..."




"Qazaxıstan bizə qonşu dövlətdir. Türkdili dövlətlərdən biri kimi bu konteksdə də bizimlə sıx əmkdaşlıq edir". 

Bu barədə Sherg.az-a politoloq İlqar Vəlizadə bildirib. 

Onun sözlərinə görə, Qazaxıstan son vaxtlar nəqliyyat sektorunda iri layihələr həyata keçirir ki, Azərbaycanla münasibətlər bu məsələdə xüsusi yer tutur: 

"Xəzərdən Çinə yol açılır. Azərbaycan-Qazaxıstan münasibətləri yalnız sosial-iqtisadi deyil, siyasi baxımdan da önəmlidir. Qazaxıstanın liderinin MDB məkanında böyük çəkisi var. Demək olar ki, o, bu məkanda ən qocaman liderdir. Onun təcrübə və nüfuzu Qazaxıstanın mühüm layihələrdə iştirakına yol açır.

Qazaxıstan bu il İslam Əməkdaşlıq Təşkilatının sədridir. Məlum sammit cari ilin sentyabr ayında Astanada keçiriləcək. Bu il Azərbaycanda da İslam Həmrəyliyi İlidir. Yəni bu konteksdə də münasibətlərimiz üst-üstə düşür.

Qazaxıstan bu illər ərzində Azərbaycan üçün strateji müttəfiqə çevrilib. Azərbaycan da Qazaxıstan üçün strateji müttəfiqdir.

Qazaxıstanın Qarabağ məsələsində Azərbaycana verdiyi dəstək də xüsusilə vurğulanmalıdır. Ümumiyyətlə, Qazaxıstan demək olar ki, bütün məsələlərdə Azərbaycanın yanında yer alır, onun mövqeyini dəstəkləyir. Bu baxımdan Qazaxıstanla münasibətlərin inkişafı, bu münasibətlərin dərinləşdirilməsi Azərbaycan üçün mühüm önəm kəsb edir”.