Putinə meydan oxudular
Terror əmri ya Şimali Qafqazda məskunlaşan gizli qruplardan, ya da İŞİD-dən gəlib
Ötən gün Sankt-Peterburq şəhərində metroda terror aktı törətməkdə şübhəli bilinən şəxsin adı məlum olub. Bu 1995-ci ildə Qırğız Respublikasında anadan olmuş, Rusiya vətəndaşı Ekbercan Cəlilovdur. Rusiya xüsusi xidmət orqanları da Sankt-Peterburq metrosunda terror aktı törədən şəxsin əslən qırğız olduğunu təsdiqləyib.
Məlumata əsasən, metroda partlayıcı qurğunu işə salan şəxsin Suriya silahlıları ilə əlaqəsi olub. Onun qurğunu ya bel çantasında saxladığı, ya da əlində tutduğu ehtimal olunur. Kriminalist-ekspertlər terror aktını törədən şəxsin kimliyini "Ploşad Vosstaniya” metro stansiyasında tapılan və içinə bomba qoyulmuş çantadakı genetik izə əsasən müəyyənləşdiriblər. Xatırladaq ki, metroda baş verən terror aktı nəticəsində 14 nəfər ölüb, 50 nəfər yaralanıb. Hadisə ilə əlaqədar Sankt-Peterburqda üçgünlük matəm elan edilib.
Putin: "Bütün versiyalar araşdırılır”
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq metrosunda baş vermiş partlayışla bağlı açıqlama verib. Putin partlayışla əlaqədar bütün versiyaların araşdırıldığını bildirib. Onun sözlərinə görə, hələlik partlayışın dəqiq səbəbləri məlum deyil. Məlumata görə, Rusiya Prezidenti Sankt-Peterburq metrosundakı partlayışları Federal Təhlükəsizlik Xidməti (FTX) direktoru Aleksandr Bortnikov ilə müzakirə edib.
Sankt-Peterburq metrosunda tapılan bomba necə zərərsizləşdirildi?
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə Sankt-Peterburq metrosunda tapılan bombanın zərərsiz hala gətirilməsindən danışıb. Bombanın uzaqdan telefon zəngi ilə işə salına biləcəyi nəzərə alınaraq telefon rabitəsi bloklanıb: "Praktikada telefon blokirovkası prinsipial olaraq vacibdir. Kanallar hər ehtimala qarşı bağlanır. Bu prosedura görə terrorçular mobil rabitə vasitəsilə planlarını gerçəkləşdirə bilmirlər. Ona görə partlayıcını vaxtında aşkarlaya bildik. Stansiyanın evakuasiyasından sonra zərərsizləşdirdik. Burada sistem saat kimi işlədi. Tədbirlər böyük sayda qurbanın olmasının qarşısını aldı”.
Terrorda yaralanan azərbaycanlı qız ölüb
Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində yaralanan azərbaycanlı qız dünyasını dəyişib. Həmyerlimizin adı Dilbarə Əliyevadır. 20 yaşlı D.Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetində təhsil alırmış. Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko bildirib ki, yaralanan 50 nəfər arasında 3 xarici ölkənin vətəndaşı da olub. Onun sözlərinə görə, partlayış nəticəsində xəsarət alanlar arasında Özbəkistan, Belarus və Tacikistanın vətəndaşları var.
Tramp: "Sankt-Peterburqdakı partlayış dəhşətlidir”
ABŞ Prezidenti Donald Tramp Sankt-Peterburq metrosunda partlayışı dəhşətli hadisə adlandırıb. Misirin dövlət başçısı Abdel Fəttah as-Sisi ilə Ağ Evdə danışıqlar zamanı jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti hadisəyə belə qiymət verib: "Çox dəhşətli və üzücü olaydır. Təəssüflər olsun ki, bütün dünyada terror hadisəsi baş verir”.
"Putinin səfəri zamanı terror hücumunun olması düşünməyə məcbur edir”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Rusiyada istənilən terror aktı hamı, o cümlədən prezident üçün çağırışdır: "Terror aktının Rusiya Prezidentinin Sankt-Peterburqda olduğu müddətdə törədilməsi faktının özü düşünməyə məcbur edir. Bu məsələni diqqətli və ətraflı şəkildə araşdırmaq lazımdır. Xüsusi xidmət orqanları aktı araşdırırlar”.
"Partlayış Putinin nüfuzuna zərbə vuracaq”
Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, terror əmri ya Şimali Qafqazda məskunlaşan gizli qruplardan, ya da İŞİD-dən gəlib:
"İŞİD Rusiya şəhərlərində terror törətmək istəyirsə, ya keçmiş Şimali Qafqazdakı müttəfiqlərinə, ya da Mərkəzi Asiya mənşəli terrorçulara müraciət etməli idi. Ərəb mənşəli İŞİD üzvünün Rusiya şəhərlərində qərar tutub terror aksiyası həyata keçirməsi real deyildi. Bəs niyə hədəf kimi Sankt-Peterburq seçilib? Məncə, terrorçular bu dəfə Moskvanı yox, Sankt-Peterburqu hədəf seçməklə birbaşa Rusiya prezidenti Vladimir Putinə mesaj yollayıblar. Putin Sankt-Peterburqda doğulub və həyatının böyük hissəsi bu şəhərdə keçib. Sankt-Peterburq onun üçün Moskvadan əzizdir, hətta ən mötəbər qonaqlarını Sankt-Peterburqda qəbul edir. Elə partlayış günü də Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşürdü. Terrorçuların mesajını belə oxumaq lazımdır: "Biz sənin doğma və buna qədər təhlükəsiz saydığın şəhəri hədəf götürə bilirik”. Terrorçular bu dəfə Putinə meydan oxudular. Rusiya Prezidenti buna cavab olaraq terroru həyata keçirənləri və planlaşdıranları qısa müddətdə neytrallaşdırmalıdır. Əks halda, partlayış onun nüfuzuna zərbə vuracaq”.
İsmayıl