Kamran Əsədov: “Test nə bilik səviyyəsinin ölçülməsi mexanizmidir, nədə ki, təhsili inkişaf etdirən mexanizm. Test sadəcə olaraq, seçim üsuludur”
Test üsulunu ləğv etmək istəyən qüvvələr var
Vahid Əhmədov: “Onlara müraciət edirəm ki, çirkli yoldan əl çəksinlər. Bu, gərəkli iş deyil”
Kamran Əsədov: “Test nə bilik səviyyəsinin ölçülməsi mexanizmidir, nədə ki, təhsili inkişaf etdirən mexanizm. Test sadəcə olaraq, seçim üsuludur”
Kamran Əsədov: “Test nə bilik səviyyəsinin ölçülməsi mexanizmidir, nədə ki, təhsili inkişaf etdirən mexanizm. Test sadəcə olaraq, seçim üsuludur”
Azərbaycanda test imtahanlarının ləğvi məsələsi yenidən aktuallaşıb.
Son vaxtlar abituriyentlərə təqdim olunan test kitabçalarında açıq tipli suallardan istifadə olunması cəmiyyətdə test imtahanlarının ləğv olunacağına hazırlıq kimi dəyərləndirilir. Bu da həm valideynlərdə, həm də abituriyentlərdə narazılığa səbəb olur. Bəs doğrudan, yaxın gələcəkdə test üsulu ləğv oluna bilər?! Ümumiyyətlə, test üsulunun ləğv olunmasında maraqlı qüvvələrin olması ehtimalı nə dərəcədə dəqiqdir?
Milli Məclisin deputatı, ilk dəfə test üsulunun Azərbaycanda tətbiq olunması prosesində iştirak edən Vahid Əhmədov test üsulunun ləğv olunması ilə bağlı maraqlı açıqlamalar verib. O bildirib ki, test sistemi ləğv oluna bilməz: "1992-93-cü illərdə Azərbaycanda test sistemi tətbiq olunub. Həmin vaxtlarda baş nazirin müavini vəzifəsində çalışırdım. Testin üsulunun tətbiqi də həmin vaxtlara təsadüf edir. Daha doğrusu, bu sistemi biz yaratdıq. Test üsulunun tətbiqi ilə əlaqədar Türkiyə dövləti ilə sıx əlaqələr qurduq. Türkiyə mütəxəssisləri Azərbaycana gəlməklə yanaşı, Azərbaycan mütəxəssisləri də Türkiyəyə gedirdi. Nəhayət, testin Azərbaycanda tətbiqinə nail olduq. Test üsulu ilə bağlı qəti fikrim budur ki, bu sistemə dəymək lazım deyil. Sadəcə, üzərində modernləşmə prosesi aparılmaqla yanaşı, müasir texnologiya sistemindən istifadə etməklə müəyyən işlər görülə bilər.
Bütün bunlara baxmayaraq, test üsulu Azərbaycan təhsil sistemində qalmalıdır. Çünki çoxumuz sovet sistemindən çıxmış insanlarıq. Həmin dövrdə imtahanların necə aparılmasını, korrupsiyanın, rüşvətxorluğun hansı səviyyədə olmasını çox yaxşı bilirik. O dövrdə universitetlərə qəbul prosesi faktiki olaraq, tapşırıqla, maddi vəsait ödənməklə həyata keçirilirdi. Bugünkü gündə isə reallıq başqa formada cərəyan edir. Ən ucqar bölgənin şagirdi test üsulundan keçməklə, ən yüksək ali məktəbi qazanmaq gücünə malik olduğunu göstərir”.
Deputatın sözlərinə görə, test üsulunun ləğv olunmasında maraqlı qüvvələrin olması mütləqdir:
"Bu gün test üsulunun lazımlılığı, yaxud da qeyri-lazımlılığı ilə bağlı müəyyən fikirlər səsləndirirlər. Hətta "Təhsil haqqında” qanun layihəsi qəbul olunanda bu məsələ ortaya çıxdı. Onu da deyim ki, test üsulunun ləğv edilməsinə çalışan müəyyən qüvvələr var. Uzun müddətdir ki, test sisteminə Məleykə Abbaszadə rəhbərlik edir. Çox savadlı insan olmaqla yanaşı, yüksək ixtisaslı kadrdır. Hesab edirəm ki, test üsulunu daha da təkmilləşdirmə prosesini həyata keçirir. Dövlət İmtahan Mərkəzinin də fəaliyyətində ciddi problem görmürəm. Kim ki, test üsulunun ləğvinə çalışır, o, bu millətin düşmənidir. Azərbaycan millətinin daha savadlı və inkişaf etmiş olmasını istəmir. Hesab edirəm ki, test üsulunun ləğvindən söhbət gedə bilməz. Buna imkan vermək də lazım deyil. Çalışacağam ki, testin ləğvi həyata keçirilməsin. Əldə etdiyim məlumata görə, dövlət başçısı və hökumətdə təmsil olunan rəhbər şəxslər də test üsulunun ləğvinin əleyhinədirlər. Test sistemi müasir tələblərə cavab verən texnologiyadır ki, Azərbaycanda tətbiq olunur. Test üsulunun ləğvinə çalışan insanlara bir daha müraciət edirəm ki, çirkli yoldan əl çəksinlər. Bu, gərəkli iş deyil”. (modern.az)
Təhsil eksperti Kamran Əsədov isə "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, əldə olunmuş nailiyyətlər sırasında ali məktəblərə qəbul imtahanlarının tam şəffaf, ədalətli və açıq şəkildə həyata keçirilməsi xüsusi yer tutur:
"Buna qədər ali təhsil müəssisələrinə qəbul zamanı açıq şəkildə müəyyən tələblər irəli sürülürdü. Neqativ hallar daha çox üstünlük təşkil edirdi. Kasıb ailələrin övladları yüksək səviyyəli ixtisaslarda heç də həmişə oxuya bilmirdi. Bu kimi hallar nəzərə alınmaqla TQDK-nın ali məktəblərə qəbul zamanı seçim üsulu kimi test tapşırıqlarının istifadə olunması müsbət haldır. Əlbəttə ki, dövr dəyişir, əmək bazarının tələbləri dəyişir. Daha başqa keyfiyyətlərə malik olan kadrlar tələb olunur. Lakin təəssüf ki, biz elə düşünürük ki, kadr hazırlığı qəbul imtahanlarında həyata keçirilir. Əmək bazarının tələblərinə cavab verən müasir standartlara uyğun kadrlar ali təhsil müəssisələrində hazırlanır. Test nə bilik səviyyəsinin ölçülməsi mexanizmidir, nədə ki, təhsili inkişaf etdirən mexanizm. Test sadəcə olaraq, seçim üsuludur”.
Artıq 5 ildir ki, ali məktəblərə qəbul imtahanlarında qapalı test tapşırığı ilə yanaşı, cavabları iştirakçılar tərəfindən yazılan açıq test tapşırığından da istifadə olunduğunu vurğulayan K.Əsədov hesab edir ki, bunun sayının artırılmasına ehtiyac yoxdur: "Çünki, açıq test tapşırıqlarının sayı artırılsa, şagirdlərin cavab vermə faizi aşağı düşəcək. Bu da qəbul zamanı ciddi problemlər yarada bilər”.
Şəymən