Ərdoğan: "Biz “hayır” deyənləri dənizə tökmərik"

"Ey Kılıçdaroğlu, söylədiklərinə fikir ver, yoxsa ağzından çıxan hər sözün əsiri olarsan"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevrilişə cəhdi "kontrollu çevriliş” adlandıran CHP sədri Kamal Kılıçdaroğluna sərt cavab verib. Ərdoğan Kılıçdaroğlunu yalan danışmaqda ittiham edib
O, vurğulayıb ki, referendumun nəticələri 15 iyul hərbi çevrilişçilərinə və onların dəstəkçilərinə cavab olacaq: "Kılıçdaroğlu yalan aparatıdır. Mən belə adam görməmişəm. 15 iyul gün baş verənləri nəzarət altında olan bir çevriliş adlandırıb. Bu ifadə o gün şəhid olanların ruhuna hörmətsilikdir. Kılıçdaroğlu bu cəsarəti haradan alır?! Deyir ki, guya əlində faktlar var. Əgər zərrə qədər ləyaqəti varsa, əlindəki sübutları ictimaiyyətə referendumdan öncə açsın. Referendumdan sonra bunu etsə mənasız olacaq. CHP-li vəkil "əvət” deyənləri İzmirdə dənizə tökəcəklərini deyir. Sən kimsən, həddini bil, tərbiyəsiz. Milləti yunanlarla eyni gözdə görürlər. Bunun adı separatçılıqdır, ölkəyi parçalamaqdır. Əslində ölkəni o cür adamlardan təmizləmək lazımdır. Amma biz "hayır” deyənləri dənizə tökmərik, onların düşməncəsi kimi davranmarıq. İstənilən halda xalqın seçiminə hörmət edilməlidir”.
"Ey Kılıçdaroğlu, söylədiklərinə fikir ver...”
Ərdoğan CHP sədri Kılıçdaroğlunun "başqanlıq gələrsə, muxtarlıq ləğv olunacaq” iddiasında da cavab verib: "81 vilayətdən gələn 2 min muxtar qardaşımızla bir aradayıq. Ancaq ana müxalifətin başında duran şəxs iddia edir ki, 17 apreldən sonra muxtarlıqlar qapadılacaq. Muxtarlar hüquqi tənzimləmə ilə seçilir. Onların necə seçildiyini bilmir. Hörmətli Kılıçdaroğlu, Ərdoğan necə seçildisə, muxtar da o cür seçilir. Aramızda fərq yoxdur. Məni də millət seçir, müxtarları da. Təəssüflər olsun ki, bəy əfəndi muxtarları ciddiyə almır. Deyir ki, "Ərdoğan danışarkən utandım, bəlli deyil ki, o, dünya liderlərinə, yoxsa muxtarlara səslənir”. Muxtarlarla toplantısında biri çıxıb ona dedi ki, "siz Ərdoğanın çıxışını bu cür dəyərləndirdiniz, mən bir muxtar olaraq bu sözə görə çox narahat oldum”. Kılıçdaroğlu isə söylədiyini təkzib etdi. Ey Kılıçdaroğlu, söylədiklərinə fikir ver, yoxsa ağzından çıxan hər sözün əsiri olarsan. Sonra iddia edir ki, guya mən restoranları bağladacam. Prezidentin restoranlarla nə işi var?!”
"Koalisiya hökumətləri zamanında nələr yaşadıq?!”
Ərdoğan referendumun tarixi önəmə malik olduğunu deyib: "Yeni sisteminin ən böyük xüsusiyyəti odur ki, milli iradənin ölkə idarəetməsinə təsiri artacaq. İlk görünən 18 maddəlik bir konstitusiya dəyişikliyinin qəbulu və ya rəddi məsələsidir. Ancaq mahiyyətinə görə, nəzərdə tutulan dəyişikliklər tarixi əhəmiyyətə malikdir. Düşünün, qəsəbə rəhbərləri, bələdiyyə başqanları, muxtarlar sahib olduğu səlahiyyətlərlə necə böyük işlər görəcəklər. 16 aprel bu dəyişikliyin günüdür. Təəssüflər ki, bəziləri bunu anlamır. Keçmiş dövr hamıya bəllidir. Koalisiya hökumətləri zamanında nələr yaşadıq. Nazirliklər, vəzifələr pulla, rüşvətlə verildi. Belə hökumət millətə xidmət edə bilərmi? Artıq hökumət Məclisdə qurulmayacaq, birbaşa millət tərəfindən qurulacaq. Ölkənin idarəsini müasir mədəniyyətlər səviyyəsinə çıxartmalıyıq. İndiki paltar əynimizə dar gəlir. Əynimizi dəyişəcəyik və millətin əzilməsinə yol verməyəcəyik. Xidmətlərimiz ortadadır. Yerüstü və yeraltı, dənizaltı körpülər tikdik, sürətli qatarı işə saldıq, Dünya Bankına olan borcları ödədik, əmək haqqlarını artırdıq. Bu işlər davam edir.
"Mən o gecə millətimlə bərabər idim, sən harda gizlənmişdin?”
Ərdoğan çıxışında Kamal Kılıçdaroğlu ilə yanaşı Avropanı sərt tənqid edib. O, bildirib ki, xalqın dəstəyi ilə xainlərin qurduğu "tələ”lərə düşməyəcəklər: "Bu millət sadəcə namazda əyilər, səcdədə diz çökər, başqa kimsənin önündə boyun əyməz. Üç-beş Avropalı faşistin ölkənin qürururnu, şərəfini incitməsinə əsla imkan verilməyəcək. Avropalı liderləri başa düşdük, onlar Türkiyənin güclənməsini istəmirlər. Bəs, özümüzünkilərə nə olub, dərdləri nədir?! Sizlər türk millətini həzm edə bilmirsiz? Avropadakı qardaşlarımız oradakı sandıqları "partladacaq”. Qərbli qardaşlarıma səslənirəm, çox yaxşı gedirsiz. Faşizmi tətbiq edənlərin nəvələrinə lazımi cavabı verin”. Ərdoğan 15 iyul çevrilişə cəhd gecəsi CHP lideri Kamal Kılıcdaroğlunun qaçıb gizləndiyini deyib: "Mən "Yeşilköy”də millətimlə bərabər oldum. Amma Kılıçdaroğlu qaçıb Bakırköydə partiyasının şəhər şöbəsi başqanının evinə getdi. "Çevriliş olarsa, tankın qabağına çıxaram” deyirdin. Niyə millətin arasında qalmadın, niyə tankın qabağına çıxmadın?!”.
İsmayıl