"Başqa xalqların ənənələrinin Azərbaycanda tətbiqi artır"




"Əminin qardaşı qızını qaçırması kimi hadisələr dünyanın müxtəlif yerlərindən Azərbaycana olan informasiya axınları, müxtəlif ölkələrə aid olan adət-ənənələrin ölkəmizdə tətbiq edilməsidir”.

Bunu Sherg.az-a Gəncə şəhərində əminin qardaşı qızını qaçırtması ilə bağlı danışarkən kulturoloq Aydınxan Əbilov deyib. 

O bildirib ki, bu və digər dərəcədə vaxtilə gizli saxlanılan, mənfi hal kimi dəyərləndirdiyimiz bir sıra hallar artıq ümumiləşib, sosiallaşıb:

"Məsələn, heyvanlarla cinsi əlaqəyə girməkdən tutmuş, müxtəlif fobiyaların dəbə minməsinə qədər, başqa xalqların adət-ənənələrinin Azərbaycanda tətbiq edilməsi faktları get-gedə artır. Onlardan biri kimi yaxın ailə üzvləri ilə intim əlaqəyə girmək, evlənmək, bu və digər dərəcədə intim tələbatlarını öz ailə üzvləri ilə ödəmək kimi həddən artıq mənfi, xalqımız, cəmiyyətimiz üçün uyğun olmayan hallar çoxalmaqda davam edir. Artıq bir neçə belə hadisələrlə tanışıq ki, ya ata öz azyaşlı qızını zorlayıb, yaxud ən yaxın ailə üzvləri bir-biri ilə evlənməyə səy göstərir. İndi baş verən sonuncu fakt, Gəncədə baş verən əminin qardaşı qızını qaçırması da mənfi haldır. Bu qınanılmalıdır və həmin şəxslər hüquq mühafizə orqanları tərəfindən cəzalandırılmalıdır. Əslində cinayət məcəlləsində yaxın ailə üzvləri ilə intim əlaqədə olmaq, onları seksual hərəkətlərə təhrik etmək, onlarla evlənmək qəti qadağandır. Çünki bu həm də təbiətə zidd getmək, xəstəliyin yayılması deməkdir. Onsuz da Azərbaycanda talessemiya, qan xəstəlikləri, yaxın qohumlardan doğulan fiziki məhdudiyyətli uşaqların doğulması, bu səbəbdən yaranmış çoxsaylı xəstəliklər get-gedə artır. Hər bir fərd cəmiyyət və dövlət üçün yükdür. Vergi ödəyiciləri bilməlidirlər ki, hər dəfə belə sağlamlıq çətinlikləri yarandıqda həmin şəxslərin xəstəxana xərcləri, əlillik xərcləri, müavinətləri dövlət tərəfindən ödənilməli, problemləri dövlət tərəfindən həll edilməli olur”.

A.Əbilovun sözlərinə görə, bu hadisələri önləmək üçün ictimai qınaq lazımdır. Eyni zamanda cinayət məcəlləsində bununla bağlı bir sıra məsələləri gücləndirmək, tənbehi ağırlaşdırmaq vacibdir:

"Bu hadisə bir daha sübut etdi ki, milli – mənəvi dəyərlərimizin bir sıra gözəl tərəfləri, ailə münasibətləri indiyə qədər qazandığımız dəyərlər aşınıb. Bu aşınmaya qarşı çıxış etmək lazımdır. Keçmişdə ağsaqqalların, ağbirçəklərin xeyir duası ilə ailələr qohum olurdusa, nigahlar onların məsləhəti ilə pozulurdusa, indi onların fikirləri heç nəzərə alınmır. Ona görə də belə problemlər üzə çıxır. İnternetdə tək hallarda insanların belə halları, özlərinin çəkib göstərmələri, KİV-lərdə belə informasiyaların yayılması ona gətirib çıxarıb ki, belə hallar get-gedə adiləşib. Onlarla belə vəziyyətlərə rast gəlirik. Əgər siz Azərbaycan psixoloqlarını dinləsəniz, onlar elə faktlardan danışar ki, məəttəl qalmaq olar. Sadəcə tanınmış insanlar bu problemləri sosiallaşdırmaqdan yayınır ki, insanlarda bunu törədənlərin cinayət məsuliyyətinə cəlb olunmamağı haqqında fikirlər yaranmasın. Onların ictimai qınağa tuş gəlməməyi, cəmiyyətdən uzaqlaşdırılmamağı, hər kəs tərəfindən kəskin pislənməyi, öz həyatlarından başqa heç kimi fikirləşməməyi haqqında fikirlər insanları fərqli yollara çəkə bilər”.

Kulturoloq son olaraq əlavə edib ki, psixologiyanın atası sayılan Ziqmund Freyd insanların böyük əksəriyyətində bu tip istəklərin olduğunu yazırdı:

"Məsələn, uşağın anaya olan məhəbbəti, qızın ataya olan sevgisi olur. Amma getdikcə bu məhəbbətin qarşısında altşüurla şüur arasında olan filtr belə arzuları məhv edir, inkişaf etməyə qoymur. Çünki hər kəs önünə gələnlə, hər istədiyi ilə evlənsə, onda biz ibtidai icma quruluşunda, heyvanlar aləmində olduğu kimi yaşamalıyıq. Diqqətə çatdırım ki, məhz heyvanlar aləmində məhv olmaya gətirib çıxaran amillərdən biri də yaxın ailə üzvlərinin bir-biri ilə intim əlaqədə olması olub. Bununla qısırlaşma prosesi sürətlənib və nəsillər tədricən məhv olublar. Bu insanlarda da baş verə bilər. Geniş mənada bunu həm həkimlər, psixoloqlar, sosioloqlar, həm də hüquq mühafizə orqanları nümayəndələri maarifləndirilməlidir ki, belə faktlar artmasın”.

Qeyd edək ki, Gəncədə əmi 8 illik evliliyini qardaşının qızına görə bitirib. 3 uşaq atası 26 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı, iki uşaq anası qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.

Aysel Aslan