"Ölkə tezliklə iqtisadi, siyasi böhran vəziyyətinə düşə bilər" - Tənəzzül




"Amerikalı ekspertlər Ermənistanda demokratiya deyilən bir şeyin olmadığını əvvəldən də görürdülər”.

Bunu Sherg.az-a amerikalı ekspert Piter Teys Ermənistanda keçirilən parlament seçkilərinin saxtalaşdırılması haqqında açıqlamasına münasibət bildirən politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, Ermənistanda bir şəxsin hakimiyyəti, diktaturası hökm sürür:

"Həm də bu çox savadsız, geri zəkalı, Xocalı soyqırımını törədən cinayətkarın diktaturasıdır. Bu ölkə rəhbəri seçkilərə qatılır, onun çıxartdığı pasport saxta görünür. Bu qəbul olunmadıqda ikinci sənədini çıxarıb, təqdim edir. Bir prezident üçün bu normal vəziyyət deyil. Təbii ki, o saxtakarlıq edibsə, bunu ATƏT nümayəndələri də görüb. Ermənistan müxalifətinin bəyanatına görə, təxminən 20 mindən çox pozuntu baş verib. Bu, o deməkdir ki, elə seçki məntəqəsi olmayıb, orada ən azı 5-6 hüquqi pozuntu olmasın. Bunu nəticəsi isə ümumiyyətlə, ləğv olunmalıdır. Amma S.Sarkisyan çalışır ki, yenidən parlamentin də başçısı olsun. Ona görə də deyirlər, demokratik seçki keçirilmədiyindən, demokratiya prinsipləri dəfələrlə pozulduğundan, başqa dövlətin ərazisinin işğalı da buraya daxil edildikdə erməni rəhbərliyinə qarşı sanksiyalar tətbiq olunmalıdır. Ermənistan onsuz da sanksiyasız pis gündədir, sanksiyalar tətbiq olunduqdan sonra ümumiyyətlə çökər”.

Ermənistanda hazırda parçalanma olduğunu söyləyən C. Nuriyev nəzərə çatdırıb ki, bir tərəfdə S. Sarkisyanın tərəfdarları, digər tərəfdə isə ona əks mövqedə dayananlar var:

"Sarkisyanı sevməyənlər daha çoxdur. Təbii olaraq onlar ölkənin daxilində siyasi sabitliyin pozulmasına çalışacaqlar. Hazırda ölkənin ərazisindəki siyasi sabitlik məcburi yaradılıb. Buna görə uzun davam edəcək məsələ deyil. Bu onu göstərir ki, ölkə tezliklə iqtisadi, siyasi böhran vəziyyətinə düşmək məcburiyyətindədir. Onsuzda burada böhran bütün sahələrdə, iqtisadi, mənəvi, hərbi, siyasi sahələrdə özünü göstərir. Bundan sonra Ermənistanda böhranın sadəcə sürəti artacaq”.

Qeyd edək ki, ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys Ermənistanda baş tutan parlament seçkiləri haqqında danışıb. O deyib ki, Ermənistanda keçirilən parlament seçkiləri zamanı çoxlu sayda təşkilati problemlər, nəticələrin saxtalaşdırılması məqsədilə səsvermə prosesinə qanunsuz müdaxilə faktları müşahidə edilib.

Aysel Aslan