"Hər kəs otelinə istədiyi ulduzu yapışdırıb, özünü reklam edirdi"




"Turizm haqqında qanunun qəbul olunması ilə bu sahədə boşluqlar aradan qaldırılacaq”.

Bunu Sherg.az-a millət vəkili Rauf Əliyevin turizm reyestrinə daxil edilməyən turizm şirkətləri və mehmanxanaların fəaliyyətinin dayandırılması haqqında təklifinə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyib. 

O bildirib ki, əvvəl qanunda təsbit olunmadığına görə, hər kəs mehmanxana və otelinə istədiyi ulduzu yapışdırıb, özünü reklam edirdi:

"Buna görə millət vəkili iradlarında haqlıdır. Lakin "Turizm haqqında" qanun layihəsinin qəbul olunmasından sonra cərimələr də tətbiq olunacaq. Nəzarət gücləndirilərsə, belə halların qarşısını almaq mümkün olar. Bütün hallarda qanun tezliklə, qüvvəyə minməlidir ki, otel və mehmanxanalarla bağlı problemlər həllini tapsın və sui-istifadə halları aradan qalxsın”.

Qeyd edək ki, deputat Rauf Əliyev "Turizm haqqında” qanunda hələ də müəyyən boşluqlar və sual doğuracaq məqamların olduğunu söyləyib.

Aysel Aslan