"Azərbaycan da daxil olmaqla heç bir ölkə terror təhdidindən sığortalanmayıb”.
Bunu Sherg.az-a Rusiya prezidenti Vladimir Putinin "Demək olar ki, bütün MDB ölkələri terror hücumları üçün potensial hədəfdir” açıqlamasını şərh edərkən keçmiş MTN zabiti Arzu Nağıyev deyib.
O bildirib ki, bu ölkələr üçün terror təhdidi V. Putinin də nəzərdə tutduğu kimi əsasən dini-radikal qruplaşmaların təhlükəsindən ibarətdir:
"Hətta Amerika Birləşmiş Ştatlarında məlum 11 sentyabr hadisələrindən sonra milli təhlükəsizliyə, ümumən ölkə təhlükəsizliyinə təhdid kimi, dini-radikal qruplaşmaların terror təhdidi əsas qəbul edilib. Yəni bu bütün ölkələrə şamil edilə bilər. Rusiya prezidentinin bu gün xüsusi xidmət orqanları rəhbərləri ilə görüşündəki açıqlaması yenilik deyil. Məlum məsələdir ki, indiki halda MDB məkanında, istər Orta Asiyada, istər başqa ərazilərdə Hizbullah, İŞİD və Talibana biət etmiş qruplaşmalar var. Bundan başqa Rusiyanın öz ərazisində 11 müsəlman inanclı federasiya subyekti mövcuddur. Burada da mühüm məsələlər baş verə bilər. Bildiyimiz kimi son terror aktı məhz Sankt-Peterburqda baş verdi.
Azərbaycana gəldikdə isə təbii ki, ölkəmizə qarşı son vaxtlar keçirilən terror hadisələrinin 99 faizini ermənilər edib. Burada heç dini-radikal qruplaşmalardan da söhbət getmir. Azərbaycan eyni zamanda tolerant dövlət kimi MDB məkanından nümunə gətiriləcək respublikadır. Bizdə maarifçilik güclü olduğuna görə, bu təhdidin elə böyük təsiri yoxdur. Lakin unutmaq lazım deyil ki, bizim şimal sərhədimizdə "İmarət Qafqaz” deyilən camaat məskunlaşıb, oradan bizə mütəmadi olaraq terror təhlükəsi ola bilər. Yəni Erməni terroru, eyni zamanda, Şimali Qafqazdan təhlükə yaradan terror nəzərə alınmalıdır. Düşünürəm ki, bu qorxu ilə, bu hislərlə yaşamaq düzgün də deyil”.
Azərbaycan xüsusi xidmət orqanlarının dini-radikal qruplaşmaları daim nəzərdə saxladığını qeyd edən A.Nağıyev bildirib ki, Rusiyaya olan təhdidlər Azərbaycana nisbətən daha çoxdur:
"Rusiya Suriya məsələsi ilə bağlı koalisiyaya qoşulub, mühüm əməliyyatlarda iştirak edir. Buna görə də, Azərbaycanla müqayisədə onlara təhdid daha çoxdur. Lakin Azərbaycanda da son vaxtlar baş verən hadisələr, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar göstərir ki, heç də ölkəmizdə terrorun tamamilə olmadığını deməməliyik. Lakin ümumi baxımdan şükürlər olsun ki, bu, Azərbaycanda güclü təzahürünü göstərməyib. Bütün hallarda Erməni terroru Azərbaycan üçün başlıca təhlükədir”.
Qeyd edək ki, MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin MDB ölkələri terrorla yanaşı başqa təhdidlərlə qarşılaşdığını da deyib. Onun sözlərinə görə, bura mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, korrupsiya və xarici qüvvələrin ölkələrin daxili siyasi vəziyyətinə təsiri daxildir.
Aysel Aslan