İşğal olunan bizim ərazilərimizdir

Snayperlər müdafiə xəttindən geri çəkilə bilməz


Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini dəfələrlə pozublar. Xatırladaq ki, ötən bir neçə il ərzində düşmənin snayper atışları zamanı həyatını itirən və yaralanan zabitlərimiz, əsgərlərimiz olub.

Təbii ki, düşmən tərəfin itkisi daha çox olub. Bunu nəzərə alan erməni rəhbərliyi həmsədrlərin dəstəyi ilə əsgərlərin uzaqvuran silahlarla hədəf seçilməməsi, xüsusən, snayperlərin cəbhə xəttindən geri çəkilməsi üçün Azərbaycana təzyiq göstərməyə çalışıblar. Problem ondadır ki, təklif irəli sürən erməni quldurları muzdlu snayperlərdən istifadəni nəinki məhdudlaşdırır, əksinə daha da intensivləşdirirlər. 

Məsələ ilə bağlı "Şərq”ə danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, işğal olunan bizim ərazilərimizdir. Ona görə də Azərbaycan Ordusu snayperlərini müdafiə xəttindən geri çəkə bilməz: 

"Snayperlər komandirlərin vuran əli sayılır. Erməni tərəfi riyakarlıq edərək, ortaya bəhanələr ataraq vaxtı uzatmağa çalışır. Snayper araşdırmaları ilə bağlı məsələ də vaxt uzatmağa, baş qatmağa hesablanıb. Ermənilər snyaperləri bilərək ön xəttə gətirir və Azərbaycan hərbiçilərinə zərər vurmağa çalışırlar. Son günlər baş verən hadisələrə görə hazırda təmas xəttində gərginlik çox yüksəkdir. Əlbəttə, düşmən şəhid etdiyi, yaraladığı hərbiçilərimiz üçün çox ağır bədəl ödəyəcək. Məlumdur ki, ötən həftələrdə cəbhənin qərb istiqamətində erməni snayperləri intensiv şəkildə milli ordunun sıralarını atəşə tutublar. Yaxın günlərdə onlara layiqli cavab veriləcək. Biz yumşaqlıq göstərdikcə, düşmən tərəf daha da azğınlaşır”.

İsmayıl