ABŞ-ın Yaxın Şərq siyasəti dəyişir
ABŞ Suriyada Bəşər Əsəd hakimiyyətinin dəyişdirilməsi variantını artıq nəzərdən keçirmir və onu "siyasi reallıq” hesab edir. Bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib. O deyib ki, Suriyada hər hansı dəyişikliyi yalnız bu ölkənin vətəndaşları etməlidir:
"Suriyadakı siyasi reallığı qəbul etməmək səfehlik olardı. Hazırda Suriyada rejimin dəyişdirilməsi üçün əvvəllər mövcud olan fundamental imkan yoxdur”. Lakin Amerika rəsmiləri Bəşər Əsədin İdlib şəhərində kimyəvi silahlar tətbiq etməsindən sonra Suriya hökuməti ilə bağlı fərqli açıqlama verib. ABŞ xarici işlər naziri Reks Tillerson Suriya diktatoru Bəşər Əsədin ən böyük müttəfiqləri olan Rusiya və İrana müraciət edib. Tillerson İdlibdə kimyəvi silahdan istifadə edən Bəşər Əsədi vəhşi və qəddar adlandırıb: "Rusiya və İran da daxil olmaqla onu dəstəkləyib müdafiə edənlər Əsədin niyyəti barədə boş xəyala düşməsinlər. Öz xalqı üzərində kimyəvi silah istifadə edən hər kəs insanlığı unutmuşdur və məsuliyyətə cəlb edilməlidir”. Xatırladaq ki, Əsəd hökuməti İdlibdə kimyəvi silahdan istifadə edib.
Qətliam nəticəsində 60 nəfər ölüb, yüzlərlə adam yaralanıb.
Ölənlərin yarısı uşaqlardır. Vaşinqtonun ziddiyyətli siyasəti ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq İlqar Vəlizadə deyib ki, ABŞ-ın Yaxın Şərq siyasəti dəyişmək üzrədir. Ekspertə görə, dəyişmə təkcə Suriya ilə bağlı deyil, eyni zamanda İranla, İsraillə, Fələstinlə bağlı siyasət də redaktə edilməkdədir:
"Suriya istiqamətində dəyişikliyin mahiyyəti Əsədi devirmək deyil. Aydındır ki, Suriya heç vaxt 2011-ci ildən əvvəlki dövrə qayıtmayacaq. 6-7 il əvvələ qədər Əsəd vəziyyətə nəzarət edə bilirdi, ölkənin həqiqi sahibi sayılırdı. İndi isə onun hakimiyyətdə qalıb-qalmaması əhəmiyyətsizdir. Çünki artıq Əsədin ölkə və regionda nüfuzu sıfırdır. Özü də bilir ki, yaxın müddətdə siyasi arenadan gedəcək. Artıq Suriya parçalanıb, ölkədəki qruplaşmalar Əsədə tabe deyil”. Politoloq bildirib ki, onsuz da ABŞ Yaxın Şərqdə istədiyini maneəsiz edir: "Amerikanın indiki məqsədi Rakka şəhərini ələ keçirməkdir. Onların məqsədi İŞİD-lə aparılan mübarizədə ön plana çıxmaq, bölgədə öz iddialarını sürdürmək, sonrakı proseslərdə söz sahibi olmaqdır. Hamı fərqindədir ki, kim İŞİD-ə qalib gəlsə, Yaxın Şərqdə güclü mövqeyə sahib olacaq. Demək olar ki, Moskva da Suriyadakı məqsədlərinə nail olub və Əsədin taleyi ilə bağlı Vaşinqtonla razılaşıb. Əsəd isə siyasi oyunlardan kənarda qaldığını görür. Ona görə də özünün var olduğunu və proseslərə müdaxilə etmək imkanına sahib olduğunu göstərmək üçün İdlib şəhərində qətliama əl atır”.
İsmayıl