Sankt-Peterburq terrorunda qisas var

“Burada “partlayışı Putin özü hazırlayıb” kimi iddialara yer yoxdur”
İlham İsmayıl: “Məncə, İŞİD-in teraktları dayanmayacaq və çox güman ki, Şimali Qafqaz istiqamətində yayılacaq”


Sankt-Peterburqda 14 nəfərin ölümü ilə nəticələnən metro terroru ilə bağlı 6 nəfər şübhəli saxlanılıb. Həmin şəxslərin hamısı Orta Asiya əsillidir. Onlar 2015-ci ilin noyabr ayından İŞİD-in planlaşdırdığı terror hadisələrinin təşkilatçılığı üçün Sankt-Peterburq ərazisinə gəliblər. Hazırda həmin şəxslərin yaşadıqları mənzillərdə yoxlamalar aparılır.

Yoxlamalar zamanı onların evlərindən dini ekstremist ədəbiyyatlar, sənədlər aşkarlanıb. Saxlanılan 6 nəfərin terroru törədən şəxslə əlaqələrinin olub-olmadığı dəqiqləşməyib. Xatırladaq ki, Rusiya İstintaq Komitəsi partlayışın qırğız əsilli Rusiya vətəndaşı Akbercan Cəlilov tərəfindən törədildiyini təsdiqləyib. Ekspertlər "Ploşşad Vosstaniya” metrostansiyasında aşkarlanan, içərisində partlayıcı qurğu olan çantada Cəlilovun genetik izlərini aşkarlayıblar. Həmin qurğu da ora Cəlilov tərəfindən qoyulub. Partlayış baş verən yerdə terrorçu-kamikadzenin bədəninin hissələri aşkarlanıb. Məlumat üçün deyək ki, terror hadisəsindən dərhal sonra kamikadzenin kimliyi və milliyəti ilə bağlı çoxsaylı versiyalar gündəmə gəlib. Hətta istintaq orqanları tərəfindən verilən məlumatlarda belə qeyri-müəyyənlik özünü büruzə verib. Əvvəlcə adı ictimaiyyətə terrorçu kimi təqdim edilən, fotoları yayılan şəxslərin daha sonra terrorla əlaqəsinin olmadığı anlaşılıb.

Hadisənin ziddiyyətli təfərrüatları ilə bağlı "Şərq”ə açıqlama verən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, istintaqın cəmiyyəti sakitləşdirmək, ən azından narahatlığı aradan götürmək üçün ilkin məlumatlar sızdırması başadüşülən haldır. Çünki belə hadisələr zamanı tamamilə susqun dayanmaq yolverilməzdir: 

"Şübhəli şəxsdən sonra digər 6 nəfərin saxlanılması bir çox mətləblərin üstünü açacaq. Terror aktını İŞİD-in törətdiyi aydındır. Çünki şübhəli şəxsin həmin qruplaşmanın üzvü olduğu bəllidir. Nəzərə almaq lazımdır ki, İŞİD silahlı qruplaşması ona zərbə vuran ölkələri hədəf seçir. Qruplaşma tərəfindən Fransada ard-arda dəhşətli terror aktları törədildi. İsraildə kütlənin üzərinə yük maşını sürüldü. Almaniyada terror törədildi. Yəni bu və ya digər formada kimlər terrorçulara qarşı mübarizə apardısa, həmin dövlətlərdən qisas alındı. Rusiya da bu baxımdan təhlükəsiz deyildi. Qərb Suriyada nisbətən geri çəkildikcə, İŞİD-ə qarşı ən sərt mübarizəni Rusiya aviasiyası apardı. Bu baxımdan terror qruplaşması rusları hədəf seçdi”. 

Ekspertin fikrincə, hazırda xeyli Rusiya vətəndaşı İŞİD-in tərkibində təmsil olunur: 

"Şimali Qafqazda, Orta Asiyada onların sayı daha çoxdur. Belə vəziyyətdə qruplaşmanın terror törətməsi gözlənilən idi. Məlumdur ki, Moskva paytaxt olduğu üçün mühafizəsi yüksəkdir. Sankt-Peterburq zəif qorunduğuna və Putinin vətəni olduğuna görə seçilə bilər. Hər halda Sankt-Peterburq terroru qisas xarakteri daşıyan bir aktdır. Burada "partlayışı Putin özü hazırlayıb” kimi düşüncələrə yer yoxdur. Çünki terrora qoşulmuş Orta Asiya kökənli insanlar Rusiya məkanında çoxluq təşkil edir. Onların əli ilə terror törətmək mümkündür. Məncə, İŞİD-in teraktları dayanmayacaq və çox güman ki, Şimali Qafqaz istiqamətində yayılacaq. Sadəcə onu qeyd etmək istəyirəm ki, son proseslərdən sonra İŞİD xeyli dərəcədə zəifləyib, küncə sıxılıb. Əgər Bəşər Əsəd məsələsi həll olunarsa, İŞİD problemi də birdəfəlik bitəcək”.

İsmayıl