Türkiyə və İran razılıq verməyəcək

Kərkükdə Kürdüstan dövlətinin yaradılması real görünmür



İraqın Kərkük bölgə şurası Kürdüstan muxtariyyətinə qoşulmaq barəsində referendum keçirəcək. Xarici KİV-in yaydığı məlumata görə, referendum bölgəni rəsmi Bağdadın nəzarətindən çıxarmağa hesablanıb.

Hesab olunur ki, bu qərar Kərkükdə çoxluq təşkil edən kürdlərlə türkmənlər və ərəblər arasında gərginliyi artıracaq. Bununla belə, İraqın Baş naziri Heydər Əl-Abadi, Kürdüstan muxtariyyətinin rəhbəri Məsid Bərzani və Kərkük qubernatoru Nəcməddin Kərim Kərkükdəki dövlət müəssisələri üzərində Kürdüstan bayrağının qaldırılmasına vetonu dəstəkləyib. Referendumun 2017-ci ilin sonuna qədər keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri "Şərq”ə açıqlamasında deyib ki, Kürdüstan rəhbərliyi, siyasi güclər elə düşünürlər ki, Kürdüstan dövlətinin yaradılması üçün həm regional, həm də qlobal səviyyədə çox gözəl bir mühit yaranıb. Onlar da bu fürsətdən istifadə edərək dərhal hərəkətə keçiblər.
N.Mirinin sözlərinə görə, Kürdüstan dövlətinin yaradılması təkcə kürd siyasətçilərinin istəyi ilə ərsəyə gələcək bir məsələ deyil. Bunun üçün mütləq mənada həm maliyyə, həm də siyasi qlobal şəbəkələrin dəstəyi lazımdır: 

"Əslində səhnənin arxasında bir çox güclərin olduğu hiss olunur. Xüsusən də Amerika Birləşmiş Ştatları, İsrail başda olmaqla qərb dövlətlərinin də bəziləri kənardan bu prosesi istiqamətləndirir, yeni bir Kürdüstan dövlətinin yaradılmasında maraqlı görünürlər. Bu isə Yaxın Şərqin yenidən qurulması siyasətinin tərkib hissəsidir. Beynəlxalq güclər Kürdüstan dövlətini yaratmaqla yeni Mesopotamiyada, Türkiyənin sərhədləri yaxınlığında ikinci bir İsrail dövlətinin yaranmasına nail olmaq istəyirlər. Təsadüfi deyil ki, İsrail bayrağındakı iki mavi xətdən biri Nil çayını, digəri isə Fərat çayını simvolizə edir. Böyük İsrail dövləti özünü hər iki çay arasındakı ərazilərdə görür. Elə Kürdüstan dövlətinin yaradılması da Böyük İsrail layihəsinə xidmət edir desək, yanılmarıq. Amerika Birləşmiş Ştatlarının özü də bu layihəni dəstəkləyir”.

Konkret olaraq nəzərdə tutulan referendumun nəticələrinə gəldikdə isə N.Miri deyib ki, bu referendum keçirilsə də, onun nəticələrinin tanınması və dövlət olaraq addımlar atması ciddi bir problemə çevriləcək. Kürdüstan sərhədləri qapalıdır: 

"Bir tərəfdən Türkiyə, bir tərəfdən İran, digər tərəfdən də Suriya ilə həmsərhəd olacaq. Əgər referendumdan sonra Kərkükdə Kürdüstan dövləti yaradılsa belə onun kənara çıxışı mümkün olmayacaq. Dənizdən belə yolu yoxdur. Hazırda Suriyanın şimalındakı Aralıq dənizinə çıxmaq üçün kürd koridoru yaratmaq niyyətindədirlər, amma Türkiyə buna imkan verməyəcəyi ilə bağlı konkret bəyanatlar səsləndirir. Odur ki, referendum sadəcə işin formal tərəfidir. Hər nə qədər ABŞ və İsrail dəstək olsa da, Türkiyə və İran razılıq vermədiyi müddətdə Kürdüstan dövlətinin yaradılması və müstəqil bir dövlət olaraq öz mövcudluğunu qoruması problemli olacaq”.

Şəymən