Təmirsiz mənzillərə də kredit veriləcək

Müsbət dəyişiklik odur ki, bundan sonra güzəştli ipoteka ilə mənzil alanlar 10 faiz ilkin ödəniş edəcəklər



Prezident İlham Əliyev 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında yeni fərman verib. Fərmana əsasən, Azərbaycanda güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcək. Bu rəqəm indiyədək 85 faiz idi.

Bundan başqa, kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına veriləcək.

İqtisadçı-ekspert Rəşad Əliyev isə "Şərq”ə açıqlamasında deyib ki, yeni dəyişikliyə əsasən bundan sonra güzəştli ipoteka ilə mənzil alanlar 10 faiz ilkin ödəniş edəcəklər. Əvvəlki qaydalara əsasən ilkin ödəniş məbləği 15 faiz təşkil edirdi. Bu məbləğdən artıq ödəniş etmək istəyənlər yenə də əvvəlki kimi rəsmi müraciət etməli olacaqlar. Ancaq adi ipoteka kreditləri üzrə ilkin ödənişin həcmi əvvəlki kimi 15-25 faiz qalır. Ekspertin sözlərinə görə, ən mühüm dəyişikliklərdən biri isə odur ki, əvvəlki qaydalara əsasən kredit mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməli idi. Bundan sonra isə kredit eyni zamanda qabaqcadan qeydiyyat sənədi əsasında verilə bilər: 

"Əlavə dəyişikliklərdən biri isə odur ki, ipoteka kreditləri Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli evlərin alınmasına verilirdi. Ancaq bundan sonra adıçəkilən aktlarla qaydalar nəzərdə tutula bilər ki, onlara əsasən də kredit təmirsiz evlərə verilə bilər”.
İlk dəyişikliyin sosial xarakter daşıdığını vurğulayan R.Əliyev hesab edir ki, bu isə sosial ipoteka alanlara daha az ilkin ödəniş etməklə ev almağa imkan verir: "Sonrakı 2 dəyişiklik isə İpoteka Fonduna kreditləşmə sahəsində manevr imkanları yaradır. Məsələn, tikintisi başa çatmayan evlərin alınmasına kreditin verilməsi üçün. Bunun üçün isə AR Prezidentinin müvafiq normativ aktı olmalıdır”.

Şəymən