Turistlər kef edəcək...

Aviataksilərdən ancaq zənginlər istifadə edəcək
“Ölkədaxili, adi sərnişindaşımada onun heç bir funksiyası olmayacaq”

Gürcüstanda məşhur olan "Adjara Group Hospitality” (Adjara qonaqpərvərlər qrupu) yeni "Aviator” aviataksilərin istismarına başlayıb. Yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.

"Beechcraft king Air C90 GTx” taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də Bakı, Yerevan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək. Kompaniya gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.

Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klasslara cavab verən bütün tələblər yerinə yetiriləcək.
Qeyd edək ki, keçmiş MDB məkanında heç vaxt belə taksilər fəaliyyət göstərməyib. Maraqlıdır, ölkəmizdə də bu cür taksilərin fəaliyyət göstərməsi mümkün ola bilərmi? Məlumdur ki, bəzən müxtəlif bölgələrdən paytaxta gəlmək kifayət qədər vaxt tələb edir. Lakin aviataksilərin fəaliyyət göstərməsi vaxta qənaət və rahatlıq baxımından əlverişli hesab olunur.

"Digesta” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə sözügedən taksilərdən hər adamın istifadə edə bilməyəcəyini qeyd edib. Ekspertin sözlərinə görə, aviataksilərdən istifadə zəngin adamlar üçün nəzərdə tutulub: 

"Bu cür taksilərin göstərdiyi xidmət adi vətəndaşlar üçün əlçatan deyil. Belə taksilərdən istifadə etmək üçün gərək yaxşı pul olsun. Cəmiyyətin nəqliyyata olan ehtiyacını ödəməklə bağlı bu taksilərin heç bir funksiyaları, əhəmiyyəti yoxdur. Sadəcə olaraq Gürcüstana dünyanın bəzi yerlərindən gələnlər, xüsusən də zəngin insanların istirahətə getdiyi məşhur turizm zonalarında istifadə edirlər. Ölkədaxili, adi sərnişindaşımada onun heç bir funksiyası olmayacaq. Əgər ölkəmizdə zəngin insanları cəlb edən turizm olsa, aviataksilərə ehtiyac ola bilər və bu taksiləri yaratmaq olar”.

Yeganə Bayramova