Əcnəbilərlə ailə quranların aqibəti hələ qaranlıqdır

Millət vəkili hesab edir ki, on minlərlə insanın taleyinə biganə qalmaq olmaz


2014-cü ildə "Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, xarici ölkə vətəndaşı ilə ailə qurmuş şəxs həmin dövlətin vətəndaşlığını alıbsa, şəxsin Azərbaycan vətəndaşlığına xitam verilir. Lakin bu qanun 2014-cü ilədək vətəndaşlıq alan şəxslərə şamil edilmir.

Məsələ xüsusilə də Türkiyə vətəndaşları ilə ailə quraraq bu ölkədə yaşayan azərbaycanlıları narahat edir. Türkiyədə yaşayan azərbaycanlılar məsələ ilə bağlı narahatlıqlarını ifadə edir, Azərbaycan vətəndaşlığından çıxmaq istəmədiklərini bildirirlər.

Xatırladaq ki, bir müddət öncə millət vəkili Zahid Oruc mövzu ilə bağlı Milli Məclisdə məsələ qaldıracağını söyləmişdi. Son vəziyyətlə bağlı "Şərq”ə danışan deputat məsələnin olduqca mühüm olduğunu deyib. O, parlamentdə ombudsman hesabatı zamanı xüsusilə bu problemə yer verməyə çalışdığını bildirib: 

"Həqiqətən də Türkiyədə çalışan, bəzən də təhsil alan gənclərimiz ailə qururlar və həyatlarına orda davam edirlər. Ölkəmizin qanunvericiliyi ikili vətəndaşlığa hüquq tanımadığından həmin insanlar da məcburən vətəndaşlıqdan çıxmalı olurlar. Bir müddət sonra onların ailə həyatı pozulursa və yaxud da onlar qərar verərək ölkəyə dönürlərsə, Azərbaycan üçün sanki avropalıya çevrilirlər. Onlarla xaricilər arasında heç bir fərq qoyulmur. Düşünürəm ki, bu bizim üçün itki sayılmalıdır. 2014-cü il qanunvericiliyimizdə fərqli müddəalar mövcud idi, ondan sonrakı illərdə dəyişiklik oldu. Lakin qarşıdakı günlərdə məsələnin daha da ictimailəşdirilməsi və hökumət orqanlarının diqqətini cəlb etməsi yönündə daha sistemli addımlara ehtiyac var. Bir daha xüsusi vurğulamaq lazımdır ki, bu insanların sayı on minlərlədi, söhbət barmaqla sayılacaq qədər adamlardan getmir”.

Z.Oruc həmçinin məsələni tənzimləmək üçün fərqli yanaşmaların gərəkli olduğunu vurğulayıb. Millət vəkilinin sözlərinə görə, mövcud dəyişikliklər hüquqi cəhətdən səhv mövqedir. Və bu addım xaricdəki soydaşlarımızın Azərbaycanla əlaqələrinin kəsilməsi, hətta milli təhlükəsizliyimiz üçün zərbə ola bilər: 

"Həmin insanların Azərbaycandakı əmlakı, mülkü, həyatı, varisləri, yaxud da valideynləri qalmış olur. Parlament üzvü kimi digər həmkarlarımızla bərabər müvafiq komitə çərçivəsində və miqrasiya orqanı ilə məsələni danışmağa, mütəxəssislərlə geniş müzakirə etməyə, hüquqi cəhətdən bu yöndə yeni yanaşmaların təsdiq olunmasına çalışmalıyıq”.

Yeganə Bayramova