“Adnan Oktarın adını belə dilimə gətirmək istəmirəm”

Seyid Camal Əzimbəyli: “Zamanında onu təbliğ edənlər hazırda “dini ekspert” adı altında fəaliyyət göstərirlər”



Mətbuatda elmi mövzulardan yazan gənc blogger Taryel Abdullayevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yazdığı məktuba qurum tərəfindən cavab verilib. Blogger öz müraciətində Harun Yəhya ləqəbi ilə tanınan "ilahiyyatçı” Adnan Oktar tərəfdarlarının Azərbaycandakı fəaliyyəti barədə narahatlığını ifadə edib. Blogger adıçəkilən şəxsə məxsus kitabların, video-görüntülərin ölkə ictimaiyyətində yayılmasını çox təhlükəli sayıb.

Dini Komitənin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bloggerin müraciətinə münasibət bildirib. O deyib ki, Harun Yəhya imzası ilə tanınan Adnan Oktarın bir neçə kitabının nəşrinə Azərbaycanda vaxtilə razılıq verilib. Həmin kitablar əsasən materializmin əleyhinə olan, Darvinizm nəzəriyyəsini rədd edən əsərlər olublar: "Son illərdə Adnan Oktarın yalnız "İslam terroru lənətləyir” adlı kitabına müvafiq razılıq verilib. Müasir islam dünyasında mövcud olan ən böyük problemdən bəhs edən kitabın məzmununda dinşünaslıq ekspertizası zamanı qanunvericiliyin pozulmasına səbəb olan hansısa məqam aşkarlanmayıb”. Adnan Oktarın Azərbaycandakı tərəfdarlarının fəaliyyətinə münasibətə gəlincə, N.Məmmədov bildirib ki, bu, qanunvericiliklə tənzimlənən məsələdir: "Dövlətin din siyasəti islam dəyərlərinin ümumbəşəri təməllər əsasında təbliği üzərində qurulub. Bu baxımdan guya dinə əsaslanan, əslində milli-mənəvi dəyərlərimizlə uzlaşmayan istənilən təbliğat bizim üçün qəbuledilməzdir”. 

Narahatlıq doğuran məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən şərqşünas-alim Seyid Camal Əzimbəyli deyib ki, komitə həm dini maarifləndirmə, həm də xarici təhlükəli ünsürlərin qarşısının alınması istiqamətində kifayət qədər ciddi addımlar atır. Ekspert prosesləri kənardan müşahidə edən bir araşdırmaçı kimi bunu təqdir edir: 

"O ki qaldı məlum "ilahiyyatçı”nın fəaliyyətinə, mən heç onun adını belə dilimə gətirmək istəmirəm. Vaxtı ilə Azərbaycanda birmənalı olmasa da, həmin şəxs müəyyən qruplar tərəfindən dəstəklənirdi. Ölkəmizdə onun təbliğatı yüksək səviyyədə aparılırdı. Hətta təbliğat düşünülmüş şəkildə həyata keçirilir, o şəxs cəmiyyətə modern, tolerant, "mənəviyyatı yüksək adam” kimi sırınmağa çalışılırdı. Zamanında onu təbliğ edənlər hazırda "dini ekspert” adı altında fəaliyyət göstərirlər. Ancaq ağlı başında olan, "Quran”dan və islam elmindən xəbərdar olan istənilən şəxs həmin "ilahiyyatçı”nın dindən kənar videolarına sadəcə bir əyləncə kimi baxır, ona qeyri-ciddi yanaşırlar. Əslində həqiqi din adamları o cür əyləncələrə baxmağın özünün günah olduğunu bilməlidirlər”. 

S.C.Əzimbəyli bildirib ki, ekspertlər real islamı, dinin həqiqi qaydalarını cəmiyyətə olduğu kimi aşıladıqca insanlar təhlükəli "din adamlarının” fikirlərinə diqqət yetirməyəcəklər: 

"Ümid edək ki, insanlarımız sosial şəbəkədə adıçəkilən şəxsin videolarına müvəqqəti əyləncə kimi baxırlar. Ancaq bir daha xatırladıram ki, zamanında həmin adamın ölkəmizdə kök atması, geniş təbliğatının aparılması şiddətli hal almışdı. Bu baxımdan aidiyyəti orqanların FETO, vəhhabilik və milli mənafeyimiz üçün zərərli sayılan digər ideologiyaların zərərsizləşdirilməsi istiqamətində ciddi addımlar atmalıdır. Biz də bu məsələdə hər zaman dövlətin yanındayıq. İslama ləkə gətirən istənilən ünsürlərin zərərsizləşdirilməsi vacibdir”.

İsmayıl