Ölkəyə girib, çıxan aydın olacaq Miqrasiya kartını doldurmaq tələbi vacibdir

Bir çox ölkələrdə miqrasiya kartı təyyarədə uçuş zamanı sərnişinlərə paylanılır


Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə onlar barədə məlumatı özündə əks etdirən və onların ölkədə müvəqqəti olma müddətlərinə nəzarət etmək imkanı verən sənəd - miqrasiya kartı veriləcək. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinə əlavələr edilir. Yeni əlavələrə əsasən, Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər miqrasiya kartını doldurmalı və Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqələrindən keçərkən pasport və ya digər sərhədkeçmə sənədi ilə birgə təqdim etməlidirlər.

Bəzi əcnəbilər üçün isə miqrasiya kartının doldurulması tələb olunmur. Həmin əcnəbilər xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya ilə gələn və ya diplomatik pasportlara malik olan şəxslər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Miqrasiya kartı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanının əməkdaşları və ya nəqliyyat xidmətləri göstərən şirkətlərin nümayəndələri tərəfindən pulsuz verilir. Miqrasiya kartı əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkəyə gəldikləri nəqliyyat vasitəsində (təyyarə, gəmi, avtobus, qatar) şəxsi nəqliyyatı ilə və ya piyada gəldikdə bilavasitə dövlət sərhəd xidmətinin buraxılış məntəqəsində doldurulur. Dəyişikliyin mayın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Qeyd edək ki, Miqrasiya Məcəlləsinə əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisin aprelin 7-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərdən miqrasiya kartını doldurmaq tələbinin əhəmiyyətli bir dəyişiklik olduğunu vurğulayan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun sözlərinə görə, bu cür sənədlərlə ölkəyə daxil olan şəxslər haqqında informasiya əldə olunur: 

"Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə bağlı hansısa bir araşdırma aparan zaman da miqrasiya kartı vasitəsilə əhəmiyyətli bilgilər əldə etmək olur. Çünki miqrasiya kartında şəxsin adı, soyadı, atasının adı, doğulduğu yer və tarix, pasport məlumatları, cinsi vətəndaşlığı, gəldiyi ölkə, həmin ölkədə yaşayış yeri, telefon nömrəsi, səfərin məqsədi, ölkədə qalma müddəti, əgər vardırsa, dəvət edən şəxs barədə məlumat, qalacağı yerlə bağlı məlumatlar əksini tapır”.
Beynəlxalq təcrübəyə toxunan ekspert deyib ki, bir çox ölkələrdə miqrasiya kartı təyyarədə uçuş zamanı sərnişinlərə paylanılır və hansısa bir ölkəyə səfər edən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər elə uçuş zamanı həmin kartı doldururlar. Bu zaman isə keçid məntəqələrində və aeroportlarda heç bir ləngimələr yaşanmır.
Miqrasiya kartı şəxsin ölkəyə daxil olması barədə qeydiyyat aparılmış hissəsi əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdə, digər hissəsi isə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşında qalır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanı tərk edərkən miqrasiya kartının onda qalan hissəsini təqdim etməlidir. Miqrasiya kartı itərsə və ya korlanarsa, şəxs müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Şəxs barəsində "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülmüş ilkin məlumatlar və şəxsin sərhəddənkeçmə sənədləri əsasında müvafiq icra hakimiyyəti orqanı ona müraciət olunduğu gün ərzində miqrasiya kartının surətini verir.

Şəymən