Burda cinayət halı yoxdur

Əvvəllər ananın südü olmayanda başqa qadının südünü verirdilər
İndi obyektiv səbəblərdən ana südünü əvəz edən qidalardan istifadə olunur

Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynov körpə uşaqlarla bağlı mühüm problemlərdən danışıb.
Baş neonatoloq bu gün Azərbaycanda perinatal xidmət sahədə əsas problemlərdən biri kimi vaxtından əvvəl doğulma, az və ekstremal az çəkili doğulan uşaqların olduğunu deyib: 

"Bu tək tibbi deyil, həm də sosial problemdir. Müxtəlif ölkələrdə vaxtından əvvəl doğulanların sayı ümumi doğulanlar arasından 5-15 faiz təşkil edir. Onların sağlamlığının qorunması, müalicəsi, mühitə adaptasiya olunması böyük problemdir və onlarla tez-tez rastlaşırıq. Valideynlərin həkimlərlə sıx əməkdaşlığı bu qrupdan olan uşaqların həyata adaptasiyası, cəmiyyətə uyğunlaşmasını təmin edə bilər”.

R.Hüseynov həmçinin uşaqların qidalanması ilə bağlı problemlərə də toxunub. Onun sözlərinə görə, körpələrin ana südü ilə deyil, süni qidalarla qidalanması Azərbaycanda böyük problemdir: "Ana südünü süni qarışıqla əvəz etmək olmaz. Əgər həkim bunu fəaliyyəti dövründə bilmirsə və süni qidalanmanı təbliğ və tətbiq edirsə, bu, cinayətdir. Yalnız bəzi hallarda, əsasən vaxtından əvvəl, az çəkili uşaqlar ilkin zamanlarda qidalana bilmədiyi üçün onlara parenteral qida tətbiq edilir. Bütün zülal, yağ, şəkər, mikroelement, duzlar və digər maddələr vena daxili yolla körpəyə verilir”.

Süni qidalanmanın reallıq olduğunu deyən Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov bu qidalardan bütün dünyada istifadə olunduğunu bildirib. Liqa sədrinin sözlərinə görə, uşaqlara süni qidaların verilməsində heç bir yanlışlıq yoxdur: 

"Sovet dönəmində də süni yeməklər var idi. Düzdü, ana südü ən vacib aksiomadır. Bəzi vaxtlarda problemlər yaranır, məsələn, ananın südü olmur. Qədim vaxtlarda da bu problemlər olub. Ananın südü olmayanda başqa qadının südünü verirdilər. Amma süni qidalardan da istifadə olunurdu. Süni qidalanmanı tövsiyə eləməkdə hər hansı bir cinayət yoxdur. Hər bir valideyn istəyər ki, övladını ana südü ilə qidalandırsın. Lakin müəyyən səbəblərə görə ana südünü əvəz edən qidalardan istifadə olunur. Burada təhlükəli bir məqam yoxdur”.

Yeganə Bayramova