Sonuncu tədbir baş tutdu

“Zərdabi” MM media ilə bank-kredit sektorunun əlaqələrini genişləndirdi


Dünən "KredAqro” Bank Olmayan Kredit Təşkilatının Bərdə filialında "Bank-kredit məsələləri - regional KİV-lər və ictimaiyyət” mövzusunda "dəyirmi masa” keçirilib.

Tədbirdə bank-kredit təşkilatının yerli filialı, Bərdənin eyniadlı, Yevlaxın "Kür”, Tərtərin "Yeni Tərtər” qəzetlərinin təmsilçiləri, həmçinin, ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən KİV-lərin regional müxbirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya tərəfləri bir araya gətirən layihənin region və bütövlükdə cəmiyyət üçün əhəmiyyət kəsb etdiyini vurğulayaraq mövzu ətrafında fəal diskussiyaların aparılacağına əminliyini bildirib. "Zərdabi” Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə deyib ki, tədbir hər iki qurumun "Azərbaycan paytaxtında və bölgələrində bank-kredit məsələləri və KİV: mövcud durum, peşəkarlığın artırılması və təcrübə mübadiləsi” layihəsi çərçivəsində reallaşdırılıb: "Oxşar tərkibdə ilk toplantılarımız Şəki, Lənkəran və Qubada keçirilib. Bərdədə baş tutan isə sonuncu, dördüncü "dəyirmi masa” ilə regionlarda düzənlənən görüşlərə yekun vurulur”. R.Hüseynzadə qeyd edib ki, əvvəlki tədbirlər hər üç rayonda medianın bank-kredit sektoru ilə əlaqələrinin genişlənməsinə yardımçı olduğundan özünü büruzə verən tendensiyalar layihənin gələn il də daha təkmil şəkildə davamını gündəmə gətirir. Bu baxımdan regional tədbir iştirakçılarının da məsələyə münasibətləri önəmlidir.

"KredAqro” BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev bildirib ki, təmsil etdiyi qurum 2000-ci ildə ölkəmizin 9 regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi məqsədilə yaradılıb. Təşkilatın uğurlarında media ilə əməkdaşlıq xüsusi önəm kəsb edib. "Zərdabi” Mətbuat Mərkəzi ilə tərəfdaşlıq da bundan irəli gəlir. "Kür” qəzetinin (Yevlax) baş redaktoru Əminə Yusifqızı rəhbəri olduğu mətbu nəşrin bank-kredit sektoru ilə əlaqələrindən söhbət açıb. "Bərdə” qəzetinin baş redaktoru Elbrus Məmmədov və "Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Hüseynov isə qarşılıqlı əlaqələrin heç də tələblər səviyyəsində olmadığını nəzərə çatdırıblar. Onlar tədbirin yevlaxlı həmkarlarının təcrübələrindən faydalanmaq baxımından müsbət əhəmiyyət daşıdığını vurğulayıblar.