Ölən uşağın adını digərinə vermək düzgün deyil

Professor da, sosioloq da iddia edir ki, əgər bir uğursuzluq təkrar olunursa, demək səbəbi, izahı var
Güzgü sınması, qara pişik, tək və ya cüt səbir kimi batil inanclarımız var. Bir çoxları həyatının müəyyən məqamlarında inanclarının onlara uğur və ya pislik gətirəcəyinə inanır. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da. 
Əksəriyyətimiz isə bu cür inanclara önəm vermədən həyatımızı davam etdirir, batil inancları məntiqi bir təmələ söykənməyən inanc kimi şərh edirik. Ancaq birdən elə bir hadisə baş verir ki, günümüzə qədər sınanan inancların təsadüfi olmadığını qəbul etməli oluruq. Bu günə qədər adların bədbəxtlik gətirməsi, uğursuz olması barədə eşitdiklərimizin xurafatdan başqa bir şey olmadığını iddia edərək, bir o qədər də əhəmiyyət verməmişik. Amma bir neçə gün öncə Salyanda baş verən hadisə bu inancın bir sübutu kimi dəyərləndirilməkdədir.
Gülmiranın adı özündən əvvəl doğulmuş iki bacısına da verilib
Qeyd edək ki, Salyanın Noxudlu kəndində intihar etmək məqsədi ilə atdığı psixotrop həblərdən zəhərlənərək komatoz vəziyyətə düşən 21 yaşlı Gülmira Cahangirova müalicə olunduğu Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. G.Cahangirova bir neçə həb qəbul edərək hamıdan xəbərsiz yuxuya getdiyindən təzyiqi uzun müddət aşağı düşüb və ağ ciyəri yaşamaq üçün təhlükəli dərəcədə zədələnib.
Kənd sakinlərinin məlumatına görə, Gülmiranın intiharı ailənin başına gələn ilk faciə deyil. Qızın ailəsi son 10 ildə dalbadal dəhşətli hadisələr yaşayıb.
Gülmiranın adı özündən əvvəl doğulmuş iki bacısına da verilib. Hər iki Gülmira uşaq ikən ölüb - biri su quyusuna düşüb ölüb, onun ölümündən sonra doğulan qıza da Gülmira adı verilib, o da yanğında ölüb. Ailə bir müddət sonra -1996-cı ildə doğulan qıza yenə də Gülmira adını verib.
Ailənin başına gələnlərdən qızın atası Qəhrəman artıq əsəb xəstəliyinə tutulubmuş və il yarım əvvəl xəstəlikdən dünyasını dəyişib. Elə Gülmira da ailələrinin başına gəlmiş faciələrdən sarsıntı keçirərək yaşamaq istəmədiyini deyirmiş. Bu səbəbdən o, evdə atasından qalmış psixotrop maddələrin bir neçəsini qəbul edərək intihar etməyə cəhd edib. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.
Sözügedən intihar faktının təfərrüatları məlum olduqdan sonra məsələ sosial şəbəkələrin müzakirə predmetinə çevrilib. Bir neçə feysbuk istifadəçisi adların da bədbəxtlik gətirməsi faktını təsdiqləyib və görüb-eşitdikləri faktları "comment”lərdə qeyd ediblər. Kimisi də bunun batil inanclarla əlaqəsi olmadığını qeyd edərək, adların insan həyatında heç bir önəmi olmadığını vurğulayıb.
Bəs, ictimaiyyət üzvləri, ziyalılarımız nə düşünür? Cahangirovlar ailəsinin yaşadıqları müsibətlərin səbəbi Gülmira adıdır, yoxsa...
Sosioloq-jurnalist Lalə Mehralı "Şərq”ə açıqlamasında qeyd edib ki, əksəriyyət bunu batil inanc, xurafat kimi qələmə versə də, əslində adlar insan taleyinə ciddi ölçüdə təsir etmək gücünə malikdir:
"Qədim yunan mifologiyasında deyilirdi ki, doğulan körpəyə ad qoyan şəxs onun gələcəyini yazır. Biz artıq elmi olaraq təsdiqini tapmış bir çox məsələdən, məsələn, rəqəmlərin insanlar üzərində təsirinin olmasından xəbərdarıq.
Hind mədəniyyətində bu ənənə hələ də yaşadılır, toy ediləndə gənclərin astroloji rəqəmləri ilə uğurlu günlərini təyin edib həmin gün toy edirlər. Hazırda bu ölkədə doğulan hər yeni körpə üçün də astroloq, kahin, münəccim çağırılır, o müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu adı seçir. Adqoyma mərasimi xüsusi təşkil edilir. Çünki ad insan həyatının demək olar ki, yol nişanıdır. Qədim Romada isə belə bir deyim vardı: "nomen est omen”, yəni "ad taledir”. Eşitmiş olarsınız, birisi bir hərəkət edəndə ona "adına uyğun hərəkət edib”, "adına-sanına layiq” kimi ifadələr istifadə edirik. Bir sözlə, adımız bizim pasportumuzdur. Hər kəs adının layiqli daşıyıcısı olur, yaxşı və pis mənalarda. Mən insanlar tanıyıram, adları Cinayət, Fəlakətdir. Bu adlar ömür boyu onların taleyinə təsir edir, həyatlarına yön verir, mənfi enerjisini kölgə kimi insanın üzərinə salır. Miskin adı verilən birisi ilə həmsöhbət olduğunuz vaxt siz ondan hansı müsbət enerjini ala bilərsiniz? Bir insan övladına hansı düşüncə ilə Miskin, Səfalət, Cinayət, Fəlakət adını verər?”
İlk baxışda xurafat kimi görünə bilər, amma əslində mistik izahı da var
Sosioloqa görə, bizim insanlarda qəribə bir adət var. Yeni doğulan körpəyə adətən rəhmətə gedən valideynin, qohumun adı verilir. Körpə hələ müdafiəsiz, zəif olduğu halda, bu qədər ağır yükü ona yükləyirlər. Çünki ad körpəyə verildiyi andan etibarən sahibini öz təsiri altına alır: "Salyanda dərmandan zəhərlənib ölən qız - Gülmiranın taleyini hər birimiz oxuduq. Bir hadisə baş verirsə, bu, təsadüf ola bilər. İkinci dəfə baş verirsə, buna da təsadüf adı vermək olar. Amma 3-cü dəfə baş verirsə, bu artıq təsadüf deyil. Mən bundan qabaq da eyni hadisəni eşitmişdim nənəmdən, oğluna Əsgər adı verən ailə 3 dəfə oğul ölümü yaşayıb. 4-cü oğula da Əsgər adı veriblər, o da ölüb. 5-ci oğulun adını Əsgər qoymayıblar, o, qocalanadək yaşayıb. İlk baxışda xurafat kimi görünə bilər, amma əslində mistik izahı da var. İndi yeni doğulan uşağa adətən valideynləri ad seçir. Bütün hallarda adı müsbət enerjili biri verməlidir. 
Çünki o ad ilə körpəyə həm də enerjisini yönləndirir. Daha bizdə ağsaqqal, başbilən birisi ilə məsləhət etmək adəti yoxdur, valideyn istədiyi adı seçib övladına qoyur. Bu məsələdə valideynlər bir az haqlıdır, çünki böyüklər ölən qohumun, yaxud da nənə-babanın adını verməkdə daha maraqlıdır. Amma valideynlər də bəzən o qədər mənasız və gülünc adlar seçirlər ki. Məsələn, çox rast gəlirəm, Ceyla adını çox qoyurlar ölkəmizdə. Soruşsan valideynlərdən bu sözün mənası nədir, bilməyəcəklər. Çünki əsas müasir ad olsun, nadir ad olsun, vəssalam. Ceyla sözü türkiyəlilərdən keçib bizə, ceylan, yəni bizim dildə ceyran sözünün gərəksiz formada qısaldılmasıdır. Yəni elə hesab edin uşağa Ceyla yox, Ceyra adını qoyub valideyn. Nə məna kəsb edir? Heç nə. İki övladım var, birinin adı Altay, o birinin adı Elana. Hər ikisinə ad seçərkən uzun müddət axtarışda olmuşuq, hərtərəfli mənalarını ölçüb-biçmişik, ən uğurlu adı tapmağa çalışmışıq. Altay sözünün mənası "al” qədim türkcədə "od”, "tay” isə "yurd yeri” deməkdir. Yəni "odlar yurdu” mənasını verir Altay adı. Qızıma isə Elana adını verdik, mənası el anası, ağbirçək deməkdir”.
Bütün bunaları qeyd etməkdə Lalə xanımın demək istədiyi odur ki, ad seçməkdə həssas olmaq lazımdır, müasir olsun, dəbli olsun, nadir ad olsun deyə hər eşitiyimiz sözü övladımıza yapışdırmayaq: 
"Mən adını böyüdükdən sonra dəyişdirən insanlar da görmüşəm, adına görə utanan, çəkinən, hətta ağlayan insanlar da. Övladımıza verdiyimiz ad ya onun taleyinə işıq tutacaq, müsbət enerjisini verəcək, yaxud da uğursuzluğuna səbəb olub bədbəxtlik gətirəcək”.
Taleyə təzyiq göstərmək olmaz, bəlkə də uşağa adı qoyulan adam heç bunu istəmirmiş?!
Millət vəkili, akademik Nizami Cəfərov isə bir qədər fərqli düşünür. Onun sözlərinə görə, xurafata çevirməmək şərti ilə el arasında sınanan inanclara qarşı daha diqqətli olmaq lazımdır. Əgər bir şey ilk dəfədən özünü doğrultmursa, inadla üzərində dayanmağın mənası yoxdur: 
"Düzdür, bizə nəyisə əvvəldən-sona qədər dərk eləmək imkanı verilməyib. Biz ancaq müəyyən hədd çərçivəsində atdığımız addımların sonrasını dərk edə bilərik. Amma istənilən halda illərin sınağından çıxan inanclara qarşı laqeyd yanaşmaq yaxşı hal deyil. Hər halda məhz Gülmira adına görə bir ailənin bədbəxt olduğunu qəti şəkildə iddia etmək xurafata yol aça bilər. Ancaq onu da inkar edə bilmərik ki, bir uğursuzluq təkrar olunursa, deməli, bir səbəbi var. Ən azından elmi-məntiqi izahı olmasa da, şüuraltı izahı var”.
N.Cəfərovun sözlərinə görə, nənə-baba adlarının uşaqlara qoyulması artıq əsrlərdir bizdə bir ənənə halını alıb və bu, heç bir təhlükə yaratmır: 
"Biz öz övladlarımıza dünyasını dəyişən ata-anamızın adlarını qoyuruq ki, gələcək nəsil onları öz adlarında yaşatsın. Hətta sağ olsalar belə özləri bunda maraqlı olurlar ki, nəvələri adlarını daşısın. Bir sözlə, Azərbaycanda uşağa nənə-baba verilməsi uzun illərdən bəridir ki, ənənəyə çevrilib. Çox nadir hallarda isə şahidi oluruq ki, uşağa atasının, anasının adı qoyulsun. Bu da o hallarda baş verir ki, onun atası doğumdan öncə dünyasını dəyişib, yaxud da anası doğuş zamanı ölüb. İstisna hallarda rast gəlsək də, bu tendensiya bizdə adət halını almayıb. Atasının adı onsuz da uşağın sənədində yaşayır deyə bir çox hallarda buna getmirik. Qızların ad seçimində isə bu cür məsələlər bir o qədər də əhəmiyyət daşımır. Nəslin davamçısı oğlan uşaqları hesab olunduğu üçün onların ad seçimi zamanı mütləq babanın adı qoyulur ki, üçüncü nəsildə itməsin. 
Əgər uşağa rəhmətə gedən atasının adını qoysalar, bu zaman baba adı kölgədə qalıb, itəcək. Bizim mentalitet isə bunu qəbul etmədiyi üçün oğlan uşaqlarına babasının adını verməkdə israrlı oluruq. Amma bir adı bir dəfə qoymaq lazımdır. Adı qoyulan uşaq rəhmətə gedibsə, ondan sonra dünyaya gələn uşağa da həmin adı qoyub, yaşatsın demək düzgün deyil. Taleyə təzyiq göstərmək olmaz, bəlkə də uşağa adı qoyulan adam heç bunu istəmirmiş!? Mifoloji cəhətdən bunlar inkar edilməz faktlardır.
Şəymən