2026-cı ildə iqtisadi mənzərə daha sərt olacaq - İqtisadçı

"Əvvəllər varlanmaq üçün illər tələb edilirdisə, bu gün bir neçə gün kifayət edir. Müflis olmaq üçün də eyni zaman yetərlidir"

İlin son günlərini yaşayırıq. Yeni ilə daxil olarkən iqtisadi gözləntilər adətən rəqəmlərdən çox psixoloji ovqatı əks etdirir. 2026-cı il də bu baxımdan istisna deyil. Həm ekspertlərin, həm də elə vətəndaşların bütün diqqəti 2026-cı ilin iqtisadi perspektivlərinə yönəlib. Dünya iqtisadiyyatı isə hələ də geosiyasi gərginliklər, enerji bazarındakı dəyişkənlik və maliyyə qərarlarının yaratdığı təzyiqlərlə üzləşir. Bu isə növbəti ilin iqtisadi sabitliyinə və bərpasına dair ehtiyatlı olmağa dair gözləntiləri formalaşdırır.

Analitiklər və investorlar 2026-cı ildə həm milli iqtisadi göstəriciləri, həm də qlobal trendləri diqqətlə izləyir, qərarların zəncirvari təsirlərini qiymətləndirirlər. Eyni zamanda, cəmiyyətlərin psixoloji və sosial vəziyyəti də iqtisadi proqnozlarda mühüm rol oynayır, çünki iqtisadi artım yalnız rəqəmlərlə deyil, həm də insanların rifahına necə təsir etdiyi ilə ölçülür.

2026-cı illə bağlı gözləntilərini “Sherg.az”la bölüşən iqtisadçı Eldəniz Əmirov növbəti il üçün qtisadi gözləntilər baxımından nikbin deyil: “Hər il dekabrın son günlərində növbəti illə bağlı mümkün qədər neqativ olmayan, daha çox ümid verən çalarları qabartmağa çalışmışam. Çünki, insanların içində sabaha inam oyatmaq, ruh yüksəkliyi yaratmaq mənim üçün həmişə önəmli olub. Amma təəssüf ki, 2026-cı illə bağlı bunu edə bilməyəcəyəm”. 

Onun sözlərinə görə, dünyada baş verən proseslər, qəbul olunan iqtisadi qərarlar, artan geosiyasi gərginliklər və cəmiyyətlərin dərin psixoloji yorğunluğu artıq açıq şəkildə hiss olunur. Bu yük təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə bir dövrün üzərinə düşür.

İqtisadçı qeyd edib ki, Nobel Sülh Mükafatı iddiasında olan bir şəxsin açıq şəkildə işğalçını dəstəkləməsi, körpə ölümlərinə susması və bu faciələrə dolayısı ilə haqq qazandırması beynəlxalq dəyərlər sistemində ciddi aşınmanın göstəricisidir: “Hətta özü də başqasının sahib olduğu ən böyük ada haqqında iddialar ortaya atırsa burada artıq sözün mənası dəyişir. Əgər dünyanın ədalət umduğu güclər başqa ölkələrin sərvətinə açıq şəkildə iddia edirsə, torpaqlarına göz dikirsə, onda bu, artıq siyasi məsələ deyil. Bu, qlobal dəyərlərin çökməsidir. Heç dünyanın iqtisadi yönü də yaxşı deyil, “xəstələnib”. Ona görə də artıq dünyada iqtisadi qanunlar əvvəlki kimi işləmir. Bazarları tələb və təklif yox, bir “şoumenin” yazdığı bir cümlə, bir tvit silkələyir. Bu isə ölkələr üçün ciddi risk yaradır, çünki iqtisadi sabitlik emosiyaya və görüntüyə bağlanır. Əvvəllər varlanmaq üçün illər tələb edilirdisə, bu gün bir neçə gün kifayət edir. Müflis olmaq üçün də eyni zaman yetərlidir. Ona görə ki, iqtisadiyyat artıq bir şou elementinə çevrilib. Digər tərəfdən, tənəzzül riski məqsədli şəkildə sistemin içində saxlanılır. Silah sənayesi və müharibə iqtisadiyyatı qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Son bir neçə ildə hərbi xərclər elə səviyyəyə çatıb ki, bu məbləğ son 40-50 ilin toplam xərclərini belə üstələyir. Belə bir fonda iqtisadiyyatı zəif olan ölkələr üçün nikbin ssenarilər qurmaq çətindir. Dünya tədricən qeyri-müəyyənliyə, riskin normaya çevrildiyi bir mərhələyə daxil olur”.

Yaşıl enerji mövzusunu ən böyük iqtisadi şou kimi dəyərləndirən iqtisadçl qeyd edib ki, bütün dünya bu mövzunu bir şouya çevirib: “ Ölkələr yaşıl enerjidən danışır, konfranslar keçirilir, bəyanatlar verilir. Amma bu ölkələrin ucdantutma hamısının illik büdcə zərflərinə baxanda görürsən ki, yaşıl enerjiyə olan münasibət Qəzzada acından ölən uşaqlara olan münasibət kimidir. Hamı o uşaqlardan danışır, amma real pul ayıran və real dəstək verən yoxdur. Çünki, real maliyyə yükünü üzərinə götürmək istəyən yoxdur. Bu şəraitdə dünya ölkələrinin çoxu artıq oyunun qaydalarını dəyişə bilməz. Qaydaları güclülər yazır. Digər ölkələr üçün əsas məsələ qalib olmaq yox, doğru tərəfdə dayanmağı bacarmaqdır. Yəni ağıllı ölkələr güclülərə qarşı çıxmağa yox, onların açdığı izlə ağılla irəliləməyə çalışır. Çünki qlobal miqyasda xilas yolu qalibin ardınca getməkdən keçir.

Burada söhbət kiminsə yanında kor-koranə dayanmaqdan getmir. Söhbət balansı qorumaqdan, lazım gələndə mövqeni çevik şəkildə dəyişə bilməkdən gedir. Elə mövqe tutmalısan ki, istədikdə 6 kimi görünsün, istədikdə 9 kimi oxunsun. Yəni həm sabit, həm də çevik olasan. Bugünkü dünyada ən böyük üstünlük məhz budur. 

Əlqərəz, 2026-cı il siyasi baxımdan güc nümayişi yox, ağırlıqlı mövqe seçimi ili olacaq. Bu dövrdə əsas məsələ balansı qorumaq və lazım gəldikdə çevik davranmaqdır. Kim bu balansı saxlaya bilsə yoluna uğurla davam edəcək.

İqtisadi baxımdan isə mənzərə daha sərt olacaq. Köhnəlmiş iqtisadi modellərdən və idarəetmə yanaşmalarından imtina edə bilməyən ölkələr üçün 2026 daha çətin keçəcək. Amma qlobal dəyişikliklərə uyğunlaşmağı bacaran, özünü yeniləyə bilən və sınaqdan çıxmış təcrübələrə açıq olan ölkələr üçün bu dövr iqtisadi dönüş imkanı ola bilər”.