Psixoloq deyir ki, əks təqdirdə, dələduzların qurbanına çevrilə bilərsiz
Mirzə Ələkbər Sabirin “Qarğa və tülkü” təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir var: “Olmasaydı cahanda sarsaqlar, Ac qalardı, yəqin ki yaltaqlar!”.
Hər dəfə sosial şəbəkə istifadəçilərinin "tor”a düşməsi ilə bağlı yayılan məlumatları oxuyanda bu təmsil yadıma düşür. Böyük Sabir bu fikirlərlə 19-cu əsrin mənzərəsini ifadə etmiş olsa da, günümüzdə də dəyişən bir şey yoxdur. Yenə də "işbaz”lar avam, cahil insanları asanlıqla aldadıb, öz məqsədləri üçün onlardan istifadə edə bilirlər.
Sosial şəbəkələrin isə artıq hər cür fırıldaqçıların və kələkbazların gəlir mənbəyinə çevrilməsi danılmaz faktdır. Mütəxəssislər isə hər dəfə "SOS” təbili çalır ki, sosial şəbəkə istifadəçiləri öz həmsöhbətlərini seçəndə diqqətli olmalı, sevgi mesajları adı altında vicdansız fırıldaqçı ilə əlaqə saxladıqları ehtimalını bir an olsun unutmamalıdırlar.
"Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Orucun sözlərinə görə, dələduzluq edib insanların səmimiyyətindən süni istifadə edən şəxslər həmişə olub:
"Sadəcə müasir dövrdə onların alətləri dəyişib. Əvvəllər bunu başqa yerlərdə edirdilərsə, indi sosial şəbəkələrdə də etməyə imkan yaranıb. Bəzən şantaj edirlər, bəzən hədə-qorxu gəlirlər. İstər-istəməz bunların hamısı insanın gündəlik əhvalına da mənfi təsir göstərir. Bəzi insanlar, həqiqətən, manipulyasiyaya məruz qalırlar və dələduzların tələblərini yerinə yetirməyə başlayırlar. Çünki həqiqətən də həmin şəxsin hansısa bir formada onlara zərər yetirəcəyindən qorxurlar”.
Psixoloqun sözlərinə görə, sosial şəbəkə cinayətlərindən sığortalanmaq və bununla mübarizə aparmaq üçün ən yaxşı yol tanımadığımız insanlarla ünsiyyət qurmamaqdır:
"Necə ki, real həyatda buna riayət edirik, sosial şəbəkədə də belə etməliyik. Və yaxud da dərhal həmin insanların manipulyasiyasına gedib onların istədiyini etmək əvəzinə, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”.
Orxan Oruc deyib ki, real həyatda dələduz insan özünü bir qədər çətinliklə gizlədə bilirsə, sosial şəbəkədə ona çox rahatdır:
"Dələduz özünü istədiyi profil formasında qarşı tərəfə qəbul etdirir. Bəzən professional bir insan, bəzən səmimi bir insan profili yaradırlar. Sosial şəbəkə real obrazı gizlədib, qeyri-real, qarşıdakı insanın asanlıqla qəbul edəcəyi bir obrazı təqdim etməyə imkan verir. Mütləq hər kəs bilməlidir ki, sosial şəbəkədəki insan reallıqda başqa biri ola bilər”. Sosial şəbəkələrdə ünsiyyəti uzun müddət davam etdirməyin məsləhətli olmadığını vurğulayan psixoloqa görə, bəzən ünsiyyət sevgi münasibətlərinə qədər gedib çıxır: "Bu münasibətlər real həyata keçəndə insanlar bir-birinin başqa cür olduğunu görürlər. Sosial şəbəkə bir növ illüziya formasını daşıyır”.
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı da hesab edir ki, sosial şəbəkə dələduzlarının qurbanı olmamaq üçün insanlarımız olduqca ayıq-sayıq olmalıdırlar: "Fırıldaqçılar dünyanın hər yerində var. Avam insanları tora salaraq onları öz çirkin əməllərinin qurbanına çevirirlər. Sosial şəbəkədən istifadə edən insanlar tanımadıqları adamlardan uzaq durmalı, hər kəslə yazışıb səmimi münasibət qurmamalıdır”.
Şəymən