Bank hesabları qanunla qorunur

Rəsmi qurumların hüquqi və fiziki şəxslərin hesabları haqqında məlumat almaq və ictimaiyyətə yaymadan istifadə etmək hesab konfidensiallığını pozmaz


Ötən həftə Milli Məclisdə Parlamentdə İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də "Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb. Qanun layihəsi bankların ödəmə qabiliyyətinin bərpası, sağlamlaşdırılması, könüllü restrukturizasiyası, bankların rezolyusiyası ilə bağlı yeni alətlərin tətbiqi və ləğvini nəzərdə tutur.

Bundan başqa, qanun layihəsində alıcı bankın aldığı aktiv və öhdəliklərlə bağlı vergi və ödənişlərdən azad olunmasını nəzərdə tutur.

 Layihənin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bank sirri ilə bağlı məlumatların kənar auditorlar və maliyyə bazarlarına nəzarət orqanına verilməsinin əleyhinə olduğunu vurğulayıb: 

"Niyə vətəndaşların banklardakı vəsaitilə bağlı məlumatlar maliyyə bazarlarına nəzarət orqanına verilməlidir? Biz bu məlumatları əldə edə biləcək təşkilatların siyahısını genişləndirməklə əhalinin banklara vəsait yatırmasının qarşısını ala bilərik. Biz deyirik ki, xaricdən də vəsaitlər banklarımıza yerləşdirilsin. Bu halda kim vəsaitini banka qoyacaq. Bundan başqa, məhkəmənin bankların lisenziyasının ləğv olunması ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qərarını ləğv edə bilməməsi ilə bağlı səlahiyyətlər veririk. Bu nə üçün lazımdır? Hesab edirəm ki, bu məsələlərə baxılmalıdır”.

Q.Həsənquliyevin əleyhinə olduğu məsələ ilə bağlı "Şərq”ə danışan "Kapital Menecment İnvestisiya Şirkəti” QSC-nin analitiki, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimli isə hesab üzrə məlumat ötürülməsində heç bir problem olmadığını deyib. 

Onun sözlərinə görə, bank hesablarının konfedinsiallığı qanunla qorunur. Amma dövlət təşkilatının hər hansı səbəblə müəyyən hesab və əməliyyat barədə şübhəlilik halı hiss olunsa, bununla bağlı banka sorğu verib məlumat istəyə bilər: 

"Eyni zamanda ölkədə 10 ilə yaxındır Maliyyə Monitorinq Xidməti fəaliyyət göstərir və banklar qanunvericiliklə nəzərdə tutulmuş əməliyyatlar haqqında məlumatı detallı şəkildə qeyd olunan xidmətə göndərir. Bu xidmət əvvəllər MB-yə bağlı idi, indi isə MBNP-nin tərkibində fəaliyyət göstərir. Deməli, Palata Banka sorğu vermədən istənilən hesab üzrə göndərilən əməliyyatları öz sistemindən görə bilər. Həmçinin, vergi orqanları da audit ve kameral yoxlamaları çərçivəsində yoxlama aparılan müəssisə və əməkdaşlıq etdiyi şirkətlər haqqında hesablar üzrə məlumat ala bilir. Fikrimcə, rəsmi qurumlar tərəfindən hüquqi və fiziki şəxslərin hesabları haqqında məlumat almaq və ictimaiyyətə yaymadan istifadə etmək hesab konfidensiallığını pozmaz”.

Ekspertin sözlərinə görə, "Banklar haqqında” qanuna edilən dəyişikliklər arasında əsas diqqət çəkən məqam bankların bağlanmasından əvvəl bütün sağlamlaşdırma yollarına müraciət olunmasıdır. Bu çərçivədə bir neçə əlavə sağlamlaşdırma proseduru həyata keçiriləcək. Maliyyə vəziyyəti pisləşən banka dərhal palata tərəfindən inzibatçı göndərilir və lisenziyası ləğv olmadan nəzərdə tutulan mümkün variantlarla bank sağlamlaşdırılmağa çalışılır. Bu olmadığı zaman Palata lisenziyanın ləğvi qərarını verir:

"İnzibati Prosessual Məcəlləyə gətirilən dəyişiklikdə isə qeyd olunur ki, Palatanın inzibatçı təyini, bankın sağlamlaşdırılması və Lisenziyanın ləğvi kimi qərarları məhkəmə tərəfindən ləğv edilə bilməz. Bu, hüquqi bir məsələ olduğu üçün hüquqşünaslar daha yaxşı əsaslandıra bilər. Bu məsələnin bankın maliyyə problemləri dərinləşmədən qərarların sürətli şəkildə icrası üçün nəzərdə tutulduğu müşahidə olunur. Ancaq mövcud situasiyada hər hansı məsələ mübahisə predmeti olduğu zaman yekun qərarı məhkəmə verir. Hesab edirəm ki, Məcəllənin bu maddəsi problem yarada bilər”.

Şəymən