Ermənistanın hər hansı bir təxribatı onlar üçün SON OLACAQ
"Erməni təxribatı hər zaman gözləniləndir".
Bu barədə Sherg.az-a ehtiyyatda olan polkovnik Şair Ramaldanov danışıb.
O xatırladıb ki, bütün bu illər ərzində Ermənistan tərəfindən təxribat olmayacağını dəqiqliklə deyə bilməmişik:
"Ona görə də bizim hərbi hissələrimiz təmas xəttində tam silah-sursatla döyüş tapşırığını yerinə yetirirlər. Həmin tapşırıq isə bizə məxsus olan ərazinin müdafiəsini təşkil etməkdir. İşğal altındakı bölgələrə yaxın olan yaşayış məntəqələrinin təhlükəsizliyi tam şəkildə təmin edilir.
Atəşkəsin pozulmasına gəldikdə isə burada təəccüblü bir məsələ yoxdur. Ermənistanda parlament seçkilərindən əvvəl gərginlik var idi. Seçkilərdən sonra da gərginlik başlayıb. Seçkilərdən sonra Ermənistan cəmiyyətində nəticələrdən narazı olan əhalinin etirazlarının qarşısını almaq üçün belə addımlara əl atılır. Ermənistan cəbhədə vəziyyəti gərgin saxlayaraq diqqəti Dağlıq Qarabağ məsələsinə yönəltməyə çalışır və Qarabağ kartından istifadə etmək istəyir".
Ş.Ramaldanovun sözlərinə görə, Ermənistanı nə gözləyəcəyini Azərbaycan silahlı qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyev bir qrup aprel döyüşçüləri ilə görüşlərində bəyan etdi:
O, bu suala geniş cavab verdi. Ermənistan təxribatdan əl çəkməsə, konstruktiv danışıqlara razılıq verməsə, Azərbaycan ərazilərini dinc yolla tərk etməsə, Ermənistanı fəlakət gözləyir. Azərbaycan öz silahları ilə daşı daş üstündə qoymayacaq.
Azərbaycan Respublikasının prezidenti çıxışlarında erməni əsgər analarına öz ismarıcını göndərib. Bu mesajda deyilirdi ki, əgər erməni əsgərləri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub çıxsın. Bununla bildirilib ki, işğal edilmiş ərazilərimizdəki işğalçı qüvvələr hər an darmadağın edilə bilər. Əlbəttə indi bir sıra mesajlar var ki, son vaxtlar Suriyadan gələn qaçqınları Qarabağda yerləşdirməklə Qarabağda yaşayış məntəqələri müəyyən şəkildə oradan qaçan erməni əhalinin əvəzinə yerləşirilir. O qaçqınlarla birlikdə gələn qaçqınlar muzdlu şəkildə əsgərlərin arasına cəlb edilir. Ermənistan dövləti təmas xəttində yaşayan dinc əhalini postda dayanan əsgərlərə kömək üçün istifadə edirdilər. Aprel hadisələrindən sonra yaşayış məntəqələrindəki ermənilərin əksəriyyəti köçüb gedib. Çünki Azərbaycan prezidentinin aprel hadisələrindən sonra sərt çıxışları və xəbərdarlıqları nəinki Ermənistanın özünə beynəlxalq qurumlara da ciddi mesajdır.
Prezident Minsk qrupu həmsədrləri və Fransa prezidenti ilə görüşlərində açıq şəkildə ifadə edib ki, Azərbaycan öz haqqını saxlayaraq güc vasitəsini istisna etmir. Bu tip bəyanatlara əvvəllər o qədər ə rast gəlinmirdi. Ancaq son aprel döyüşlərindən sonra artıq Prezident konkret olaraq hər kəsə öz xəbərdarlığını bildirir və hüquqi şəkildə Azərbaycın öz torpaqlarını azad etməsini, ərazi bütövlüyünü təmin etmək, işğalçıları ərazilərimizdən qovmaq haqqında çıxışlarında sərt danışır. Sözsüz ki,Qarabağda yaşayan ermənilər bu mesajları dərk edir. Bu mənada indi onlar qorxu içindədirlər.
Suriyadan qaçıb, bütün dünyaya dağılan erməni qaçqınlar Ermənistana üz tutub. Bu dövlət də onları qəbul edir. Bir şərtlə ki, Qarabağda yaşasınlar. Bu, açıq şəkildə ifadə olunmasa da, son zamanda artıq intensiv şəkildə həm Ermənistan mətbuatında, həm də Rusiya və dünya mətbuatında qabardılır".
Ermənistanın öz çirkin əməllərindən əl çəkmədiyini deyən polkovnik diqqətə çatdırıb ki, Serj Sarkisyan Dağlıq Qarabağ dalğasında hakimiyyətə gəlib:
"Qarabağ onlar üçün öz hakimiyyətlərini əldə saxlamaları üçün priortet məsələdir. Ermənistan cəmiyyətini qorxu içində saxlamaq üçün də ön plandadır. Bu səbəbdən Qarabağda hər zaman təxribatlara əl atırlar. Dövlət başçısı bütün sahələrdə, hərbi, idarəedici, iqtisadi və s. sahələrdə müəyyən işlər görür, islahatlar həyata keçirir. O təxribatların daha çoxsaylı olmasına inanmıram. Çünki ermənilər tərəfindən ediləcək hər hansı təxribat onlar üçün son təxribat olacaq. Azərbaycan ordusu start vəziyyətindədir.
Cəmiyyətdə aprel döyüşlərində xalqla Prezident arasında birliyin, həmrəyliyin şahidi olduq. Xalqımız Prezidentimizin ətrafında sıx birləşdi, öz dəstəyini yüksək səviyyədə göstərdi. Qarabağ məsələsində hər kəs eyni fikirdə oldu. Bu da ölkə prezidentini daha sərt tədbirlər həyata keçirməyə sövq edir. Cəmiyyətin bütün təbəqəsi bir niyyətlə, bir arzu ilə yaşayır: Azərbaycanı işğalçılardan təmizləməkdə iştirakçı olsunlar. Bu niyyətini hər kəs 1 il əvvəl aprel döyüşlərində səfərbərlik idarələrinə axışmaqla sübut etdi.
Azərbaycan silahlı qüvvələri əsgərləri öz mərdliklərini, cəsarətlərini həm aprel savaşlarında, həm də bu savaşlardan sonra Azərbaycan torpağını qorumaları ilə sübut etdilər. Onlar vətən, torpaq uğurunda hər an canlarından keçməyə hazır olduqlarını göstərdilər. Bütün bunlar Ermənistan hakimiyyətinə, erməni xalqına bir ismarıcdır ki, Azərbaycan hər şeyə hazırdır və qadirdir".
Ayyət Əhməd