Kreml Qarabağ görüşünə hazırlaşır

Əgər atəşkəslə paralel torpaqları boşaldılması məsələsi də müzakirə obyekti olarsa, o zaman rəsmi Bakı görüşə inanaraq gedər



Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub. Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçiriləcək. Xatırladaq ki, Elmar Məmmədyarov ötən ay Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.

Rusiya XİN rəsmisi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçiriləcəyini açıqlamışdı. Ekspertlərə görə, vasitəçilər prezidentlərin, ən azından ilkin mərhələdə xarici işlər nazirlərinin görüşünü təşkil etməklə cəbhə xəttindəki gərginliyi azaltmağa çalışırlar. Əslində həmsədrlərin özləri də fərqindədir ki, baş tutacaq hər hansı görüş münaqişənin həlli istiqamətində irəliləyişə səbəb olmayacaq. 

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq İlqar Vəlizadə də deyib ki, gözlənilən görüşə böyük ümidlər bəsləmək düzgün deyil: 

"Görüş öz-özlüyündə heç nəyi həll etmir. Çünki nazirlərin bir araya gəlməsi texniki mahiyyət daşıyır. Əslində XİN rəhbərlərinin görüşü keçən ilin dekabr ayında baş tutmalı idi. Amma Ermənistandakı seçkilərə görə təxirə düşdü. Ən azından erməni tərəfi bunu belə izah edir. Şübhəsiz ki, görüşün gecikməsinin səbəbləri başqadır. Hamımız bilirik ki, erməni hakimiyyəti prosesləri dəyişmək niyyətində deyil. İkinci tərəfdən isə görüşlərdə masaya yatırılan kiçik məsələlər bizi qətiyyən qane etmir. Vasitəçilərin əsas qayəsi müzakirələri atəşkəsin bərpası üzərində qurmaqdır. Ancaq Azərbaycan tərəfi görüşlərdə daha ciddi məqamların müzakirə olunmasını tələb edir. Əgər atəşkəslə paralel torpaqları boşaldılması məsələsi də müzakirə obyekti olarsa, o zaman rəsmi Bakı görüşə inanaraq gedər. Əks halda ermənilərlə masa arxasına oturmağın mənası yoxdur”.

İsmayıl