Türkiyə ordusu Azərbaycanın yanındadır

İki qardaş ölkənin birgə hərbi təlimləri Rusiyaya qarşı ciddi mesajdır

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək. Qeyd edək ki, birgə təlimlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 3-nə planlaşdırılan Rusiyaya səfəri ilə üst-üstə düşməsi politoloqlar tərəfindən heç də adi bir təsadüf kimi dəyərləndirilmir.

Bu günlərdə Azərbaycan ordusunun keçirdiyi irihəcmli hərbi təlimlərə diqqət çəkən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, 30 mindən artıq şəxsi heyətin iştirakı ilə baş tutan bu təlimlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin sahib olduğu bütün müasir hərbi texnikalar və eyni zamanda atış fəaliyyəti nümayiş olunub: 

"Azərbaycan ordusunun bu hərbi təlimləri öz miqyasına görə güc nümayişi kimi də dəyərləndirilə bilər. Bütün ordunun hərbi təlimlərə cəlb edilməsi hər şeyin Silahlı Qüvvələri savaşa hazır vəziyyətdə saxlamağa hesablandığını göstərir. Bundan region dövlətləri mütləq lazımi nəticələr çıxartmalıdır”.
Aprelin 27-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcəyini vurğulayan politoloq deyib ki, görüş öncəsi Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlər barədə qərar qəbul etməsi Ermənistanla yanaşı, ona himayədarlıq edən Rusiya üçün də ciddi mesajdır ki, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək qüdrətindədir: "Azərbaycan bununla öv mövqeyini bəlli edir ki, əgər rəsmi Moskva bu görüşü münaqişənin həlli prosesində zaman qazanmaq üçün planlaşdırıbsa, əbəs yerə özlərinə əziyyət verməsinlər. Danışıqlar prosesi də bir yerə qədərdir. Artıq işğalçılar və dünya gücləri Azərbaycanın səbr kasasının daşmaq üzrə olduğunun fərqinə varmalıdır. Danışıqlar nəticəsində hər hansı bir irəliləyiş əldə olunmasa, Azərbaycan öz torpaqlarını azad etmək hüququndan hər an istifadə edə bilər. Bunun üçün vacib olan ordunun döyüş hazırlığıdır ki, bu isə bizdə ən yüksək səviyyədə təşkil olunub. Ordumuz təpədən-dırnağa müharibə ab- havasına köklənib”.

Ermənistanda seçki prosesinin başa çatdığını vurğulayan Natiq Miri deyib ki, Putindən razılıq aldığı üçün Sarkisyan çox rahatlıqla seçkini saxtalaşdıra bildi.
Bu gün də Ermənistanda Sarkisyanın maraqları çərçivəsində yeni bir hökumət formalaşdırılır. Artıq Sarkisyanın daxildə ciddi bir narahatlığı qalmadığı üçün Kreml tərəfləri yenidən sülh masasına oturtmaq istiqamətində aktivlik göstərir. Buna paralel olaraq da Türkiyə qoşunlarının Azərbaycana səfər etməsi və Qarabağ cəbhəsində iki qardaş ölkənin hərbi təlimlər keçirməsinin özü belə çox ciddi bir mesajdır: "Bir müddət əvvəl Ermənistan ordusu ilə rus qoşunları da birlikdə genişmiqyaslı hərbi təlimlər keçirdi. Hesab edirəm ki, Azərbaycan-Türkiyə hərbi təlimlərini bir növ həmin təlimlərə də cavab kimi dəyərləndirmək olar. Əgər Rusiya Ermənistanın yanında olub, Ermənistanın təhlükəsizliyi ilə bilavasitə maraqlı olduğunu göstərirsə, qardaş Türkiyə də qarşı tərəfə Azərbaycanın yanında olduğunu və ölkəmizin bütün təhlükəsizlik sistemində bizimlə birgə olduğu mesajını verir. Bu o deməkdir ki, Azərbaycana təhlükə yaranarsa, o zaman həmin dövlətlər qarşılarında Türkiyə-Azərbaycan hərbi ittifaqını görəcəklər. Bu baxımdan bu təlimlər çox önəmlidir və davamlı hala gəlməlidir.

Onu da deyim ki, türk qoşunlarının Azərbaycana səfər etməsinin aprelin 27 -də xarici işlər nazirlərinin görüşündən bir neçə gün öncəyə, təlimlərin isə mayın 3-də Türkiyə Prezidenti Ərdoğanın Moskva səfəri ərəfəsinə planlaşdırılması son dərəcə önəmli bir addımdır. Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək fikrindədirsə, real addımlar atmalıdır. Əks halda, Azərbaycan öz torpaqlarını azad etmək istiqamətində hərb yolunu seçəcək və Türkiyə ordusu da bu prosesdə Azərbaycanın yanında olacaq”.

Şəymən