Polis mayorunu öldürmək istəyənə 16 İL HƏBS TƏLƏBİ




Bakıda polis mayorunu öldürməyə cəhddə təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənov və xuliqanlıqda təqsirləndirilən 1976-cı il təvəllüdlü Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə çıxışlar mərhələsinə keçirilib.
Söz dövlət ittihamçısına verilib.

Prokuror çıxışında məhkəməyə Əli Həsənova 16 il və Əhmədyar Məhərrəmov 4 il azadlıqdan məhrum edilməsini təklif edib.

Proses mayın 2-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər.
Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmovla həmin şəxslərə sataşıb. Bunu görən Namiq Abdullayev onun arxasınca qaçıb və obyektinin çıxışında Əhmədyar Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.
Əhmədyar Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub və Namiq Abdullayevi döyüb. Bu münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb.
Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar.
Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub. Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.