Beynəlxalq həkimlər dəvət olunacaq

Girovluqda olan azərbaycanlıların səhhətində problem yaranıb
Elman Məmmədov: “Erməni kimilərin əlində uzun müddət olanların sağlamlığından heç danışmağa dəyməz. Allah özü onlara kömək olsun”

Artıq 3 ildir ki, Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı yeni məlumatlar əldə olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirib ki, D.Əsgərov və Ş.Quliyevin azad olunması istiqamətində işlər davam etdirilir. E.Səmədov məsələnin gündəlik olaraq Dövlət Komissiyasının diqqət mərkəzində olduğunu söyləyib:

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Komissiyanın sədrinin göstərişi ilə fəaliyyətimizi davam etdiririk. Bizdə olan məlumata görə, girovluqda olan şəxslərin səhhətlərində müəyyən problemlər yaranıb.
Bu məsələ Dövlət Komissiyası tərəfindən əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla ətraflı müzakirə olunub. Həmin beynəlxalq təşkilatlar da onların səhhəti ilə bağlı məsələnin monitorinq ediləcəyini, hətta beynəlxalq həkimləri ora dəvət edərək onların sağlamlıq vəziyyətinin yoxlanılacağını bildiriblər”.

Millət vəkili Elman Məmmədov bildirib ki, bu günə qədər ermənilərin əsirliyində olan vətəndaşlarımızın səhhəti ilə bağlı hər zaman problemlər olub. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar ermənilərə şərait yaradırlar, stimul verirlər ki, onlar günahsız insanları cinayətkar kimi mükahimə edib "məhkəmə” qursunlar: 

"Erməni xisləti, məkiri, vandalizmi elə bir səviyyədədir ki, uzun müddət ermənilərin əlində əsirlikdə olan insanlar bu vaxta qədər sağlam qala bilməzlər. Bunu Xocalı soyqırımına əsaslanıb deyirəm. Xocalı sakinlərindən min nəfərdən çox insan erməni əsirliyinə məruz qalmışdı. Əsirlikdən gələn insanlar yarımcan, xəstə halında gəlirdi. Xeyli hissəsi gələndən qısa müddət sonra rəhmətə getdilər. Təbii ki, erməni kimilərin əlində uzun müddət olanların sağlamlığından heç danışmağa dəyməz. Allah özü onlara kömək olsun.

Bu gün desək ki, ermənilər beynəlxalq təşkilatları saymırlar, yəni onların tələbinə əməl etmirlər, onlar ermənilərə təzyiq göstərib bizim girovları azad edə bilmirlər, bu məsələyə sadəlövh yanaşma olar. Həqiqətdə məsələ belə deyil. Bu günə kimi onları əsirlikdə saxlayırlar. Bu birbaşa həmin o beynəlxalq qurumların, BMT-nin , ATƏT-in və Beynəlxalq Qızıl Xaç Komitəsinin günahı üzündən, məsələyə qeyri-səmimi, riyakarlıqla yanaşması üzündən baş verir. Yoxsa bu beynəlxalq təşkilatların gücü qarşısında, orda təmsil olunan güclü dövlətlərin nüfüzu qarşısında, cırtdan bir terrorçu dövlət kimdir ki, onlara tabe olmaya? Şəraiti yaradan bu dövlətlərdir, beynəlxalq qurumlardır. Burda da yeganə çıxış yolu odur ki, bzi Azərbaycan tərəfi olaraq nə yolla olur-olsun, istər hərbiçilərimiz tərəfindən, istər mülki şəxslər tərəfindən onların dəyərləndirdiyi bir neçə ermənini əsir götürməliyik. Tələb qoyub girovların qarşılıqlı dəyişilməsinə nail olmalıyıq. Başqa bir yol görmürəm. Əgər fikirləşsək ki, erməni yola gəlib, insan olub girovlarımızı azad edəcək. Yaxud gözləsək ki, beynəlxalq qurumlar təzyiq göstərib onları ermənilərin əlindən alacaq, belə hallar mümkün deyil”.

Yeganə Bayramova